Azərbaycan həm Almaniya, həm Avropa İttifaqı üçün əhəmiyyəti artan tərəfdaşdır. Biz ötən il ölkələrimiz arasında diplomatik münasibətlərimizin 30 illik yubileyini də qeyd etdik. Bu gün ikitərəfli əməkdaşlığımızı necə dərinləşdirəcəyimiz haqqında gözəl fikir mübadiləsi apardıq. Azərbaycan və Avropa İttifaqı Şərq Tərəfdaşlığı çərçivəsində daha da sıx əməkdaşlıq etmək istəyir. Ölkənin həm Almaniyanın, həm də Avropa İttifaqının enerji təchizatı üçün böyük potensialı mövcuddur.

Almaniya Kansleri Olaf Şolts bu sözləri martın 14-də Berlində Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdən sonra birgə mətbuat konfransında deyib.

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 13-14 mart tarixlərində Almaniyada işgüzar səfərdə olub. Dövlət başçısı martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşüb. Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Martın 14-də Azərbaycan Prezidentinin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək və geniş tərkibdə görüşləri olub. Almaniya Prezidenti ölkəsnin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına tərəfdar olduğunu, bu istiqamətdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin apardığı missiyaya dəstək verdiyini diqqətə çatdırıb. Bu əsnada tezliklə Brüsseldə yeni görüşün keçiriləcəyinə ümidvar olduğunu deyən Frank-Valter Ştaynmayer Almaniyanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan tərəfindən beş prinsipi özündə əhatə edən sülh müqaviləsinin imzalanması ilə bağlı təşəbbüs irəli  sürülüb və iki ölkə arasında sülh müqaviləsi bu prinsiplər əsasında imzalana bilər. İlham Əliyev bildirib ki, Azərbaycanın mövqeyi iki yanaşmadan ibarətdir. Birinci yanaşma Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, ikinci yanaşma isə Azərbaycanın Qarabağın erməni sakinləri ilə dialoqun həyata keçirilməsidir.

Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycan tərəfindən müəyyən olunmuş nümayəndə martın 5-də Azərbaycanın Qarabağ bölgəsindən olan sakinlərlə görüşüb, Azərbaycan Prezidentinin Administrasiyası tərəfindən Qarabağın erməni ictimaiyyətinin nümayəndələri reinteqrasiya məsələləri və bir sıra infrastruktur layihələrinin həyata keçirilməsi üzrə təmasların davam etdirilməsi üçün Bakıya dəvət olunub. Prezident İlham Əliyev separatizmin bütün forma və təzahürlərinin qəbuledilməz olduğunu qeyd edib, separatist meyillərə münasibətdə vahid mövqeyin nümayiş etdirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələsi Prezident İlham Əliyev və Kansler Olaf Şoltsun görüşündə də diqqətə alınıb.

“Bizim üçün vacibdir ki, Azərbaycan və Ermənistan arasında uzunmüddətli münaqişə artıq özünün sülh yolu ilə həllini tapsın. Açığını deyək ki, Almaniya Ermənistan-Azərbaycan sərhədində mövcud olan qeyri-sabit duruma görə bir az narahatdır. Təbii ki, burada gərginliyin artması təhlükəsi mövcuddur və son aylar, son həftələr baş verən hadisələr bunu göz qabağına gətirdi. Bizim arzumuz budur ki, bu münaqişə qısa bir zamanda, yerindəcə uzunmüddətli və qəbul olunan həllini tapsın. Burada sülh yolu ilə həll deyəndə təbii onu nəzərdə tuturuq ki, həm Azərbaycanın, həm də Ermənistanın ərazi bütövlüyü təmin olunsun”, – deyə Olaf Şolts bildirib.

Kansler qeyd edib ki, Almaniya bu prosesdə  öz dəstəyini göstərməyə hazırdır. O diqqətə çatdırıb ki, Avropa İttifaqının Ermənistanda mülki missiyası mövcuddur və bu missiyaya rəhbərlik Almaniya tərəfindən təmin edilib.

Prezident İlham Əliyev mətbuata bəyanatında Ermənistan-Azərbaycan normallaşma prosesi ilə bağlı ölkəmizin mövqeyini bir daha diqqətə çatdırıb: “İstəyirəm ki, Almaniyanın mətbuat nümayəndələri bilsinlər ki, Azərbaycan 30 ilə yaxın erməni işğalına məruz qalmışdır. Bu işğal və etnik təmizləmə nəticəsində torpaqlarımızın 20 faizə yaxını işğal altına düşdü və bir milyon azərbaycanlı Ermənistan tərəfindən öz doğma torpaqlarından qovulmuşdur və qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Biz iki il yarım bundan əvvəl Vətən müharibəsi nəticəsində öz ləyaqətimizi, ərazi bütövlüyümüzü, hüquqlarımızı döyüş meydanında bərpa etdik, Ermənistanı məğlub etdik və məcbur etdik ki, Ermənistan bizim torpaqlarımızdan çıxsın. Beləliklə, 28 il ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməyən Ermənistan cəmi 44 gün ərzində öz məğlubiyyəti ilə barışmalı olmuşdur”.

Prezident qeyd edib ki, indi isə sülhün zamanı çatıb: “Biz Ermənistana 5 prinsip əsasında sülh müqaviləsini təklif etmişik. Ümid edirəm ki, Ermənistan bu şansı qaçırmayacaq, nəhayət, Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlayacaqdır”.

Dövlət başçısı Almaniya rəhbərliyi ilə görüşdə üzərində xüsusi dayanılan enerji əməkdaşlığı məsələsinə də toxunaraq bildirib ki, keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu bizim niyyətimizi göstərir. Memorandumun sürətlə, vaxtında icrası bir daha göstərir ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır.

“Biz Avropa məkanına qaz ixracatımızı artırırıq. 2021-ci ildə əgər Avropaya 8 milyard kubmetr qaz ixrac etmişiksə, bu il bu rəqəm təqribən 12 milyard kubmetrə çatacaq. Bu, bizim ümumi ixracatımızın yarısı deməkdir, gələcək illərdə öz ixrac coğrafiyamızı Avropada genişləndirmək istərdik. Dünən mənim 30-a yaxın almaniyalı iş adamı ilə görüşüm olmuşdur. İki saata yaxın davam edən bu görüşdə Azərbaycana, Azərbaycan iqtisadiyyatına, imkanlara Almaniya biznesi tərəfindən böyük diqqətin şahidi oldum. O cümlədən bərpaolunan enerji növlərinin birgə işlənməsi və istismarı istiqamətində çox gözəl imkanlar var, bu barədə də bu gün biz fikir mübadiləsi apardıq. Əminəm ki, gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini də ixrac edən ölkəyə çevriləcəkdir”, – deyə İlham Əliyev əlavə edib.

Prezident mətbuat konfransında bu mövzuda suala cavab olaraq bildirib ki, Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycana Avropanın 10-a yaxın ölkəsindən qaz təchizatı ilə bağlı sifarişlər gəlib. Dövlət başçısı qeyd edib ki, Avropa İttifaqı ilə 2022-ci ildə imzalanan memoranduma əsasən, Azərbaycan 2027-ci ilə qədər 20 milyard kubmetr təbii qazı Avropa məkanına çatdırmağı planlaşdırır. Hazırda Azərbaycan qazı Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan və İtaliyaya çatdırılır. Bu ildən Rumıniyaya çatdırılmağa başlanıb. Bu ilin sonunda Macarıstana ilk qaz təchizatını həyata keçirmək fikrindəyik. Albaniyaya ixracı təmin etmək üçün danışıqlara başlamışıq. Bundan əlavə, Çexiya, Monteneqro, Bosniya və Herseqovina, Xorvatiya da Azərbaycandan qaz idxal etmək istəyir. Avropada ölkələr arasında daha çox interkonnektor olarsa, bizim qaz ixracat coğrafiyası da genişləndirilə bilər.