Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyevin martın 15-də imzaladığı sərəncamla Anar Rəsul oğlu Rzayev  Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, martın 14-də yazıçının 85 yaşı tamam olub. Anar yaradıcı və ictimai fəaliyyəti boyunca bir sıra dövlət təltiflərinə, mükafat və fəxri adlara layiq görülüb. Yazıçıya 1976-cı ildə “Əməkdar incəsənət xadimi” fəxri adı, 1980-ci ildə Azərbaycan SSR Dövlət Mükafatı (Akademik Dram Teatrında “Şəhərin yay günləri” pyesinin tamaşasına görə), 1998-ci ildə “Xalq yazıçısı” fəxri adı, 2011-ci ildə Heydər Əliyev Mükafatı verilib. Həmçinin “İstiqlal” ordeni (1998), “Şərəf” ordeni (2013), “Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu” (2018) ilə təltif edilib.

Xalq yazıçısını 85 illik yubileyi və növbəti dövlət təltifi münasibətilə təbrik edir, möhkəm cansağlığı, bundan sonra da yaradıcılıq və həyat enerjisi ilə dolu uzun ömür arzulayırıq.