16 mart bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycanın Əməkdar artisti Vaqif Mustafazadənin doğum günüdür.

Bu münasibətlə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Vaqif Mustafazadənin mənzil-muzeyində unudulmaz sənətkarın xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Vaqif Mustafazadənin mənzil-muzeyinin direktoru Afaq Əliyeva çıxış edərək görkəmli sənətkarın yaradıcılığından danışıb, onun caz-muğam üslubunun banisi kimi xidmətlərini vurğulayıb.

Qeyd olunub ki, Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin təsisçisidir. O, dərin köklərə malik qədim Azərbaycan muğamı ilə caz musiqisini uğurlu sintez edərək, dünya musiqi inciləri xəzinəsinə caz-muğamın təkrarolunmaz nümunələrini bəxş edib. Fortepiano və simfonik orkestr üçün konsertin, tamamlanmamış "Muğam" simfoniyasının bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifi olub.

Əməkdar incəsənət xadimləri Elnarə Dadaşova, Zümrüd Dadaşzadə və başqaları unudulmaz sənətkarla bağlı xatirələrini bölüşüb, onun yaradıcılığından bəhs ediblər.

Vurğulanıb ki, Vaqif Mustafazadənin musiqimizdə etdiyi yeniliklər bu gün də aktualdır və bir çox musiqiçilər ifalarında onun yaratdığı caz-muğam sintezindən istifadə edirlər. O, XX əsrin görkəmli caz pianoçularından biri və bəstəkar olmaqla yanaşı, yaradıcılığı dövründə “Orero” ansamblına, “Qafqaz” caz üçlüyünə, “Leyli” və ”Sevil” qadın vokal-instrumental və “Muğam” instrumental ansambllarına rəhbərlik edib. Vaqif Mustafazadə bir neçə beynəlxalq caz müsabiqəsi və festivallarının laureatı olub. İllər keçsə də Vaqif Mustafazadə və onun sənəti bugünkü kimi seviləcək, sənət adamlarının tədqiqat mövzusu olacaq.

Tədbir konsert proqramı ilə davam edib. Konsert çərçivəsində gənc ifaçılar Vaqif Mustafazadə və digər bəstəkarların əsərlərini səsləndiriblər.