Tarixi minilliklərlə ölçülən Novruz bayramı Azərbaycanla yanaşı Orta Asiyadan Balkanlaradək bizə yaxın-uzaq coğrafiyalarda da qeyd olunur. Novruz 2009-cu ildə çoxmillətli irs nümunəsi kimi UNESCO-nun siyahısına daxil edilib. 2010-cu ildə isə Azərbaycan, Albaniya, Əfqanıstan, Makedoniya, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Hindistan və Türkiyənin təşəbbüsü ilə BMT-nin Baş Assambleyası 21 martı Beynəlxalq Novruz Günü elan edib. Beləliklə, Novruz beynəlxalq status qazanaraq dünyaya təqdim olunub.

Novruz bu gün mədəniyyətlərarası dialoqa zəmin yaradan, xalqları yaxınlaşdıran, bir-birinə tanıdan dəyərdir. Hər il olduğu kimi, bu il də xalqımızın qədim bayramı ilə bağlı irs və ənənələr müxtəlif ölkələrdə təqdim edilir.

İslam Əməkdaşlığı Təşkilatına üzv olan ölkələrin Meksikadakı səfirliklərinin təşkilatçılığı ilə paytaxt Mexikoda keçirilən mədəniyyət festivalı da Novruz irsinin təbliği üçün əlamətdar fürsət olub.

Azərbaycanın Meksikadakı Səfirliyindən bildirilib ki, şəhər sakinləri və turistlər arasında populyar olan “Angela Peralta” açıq hava teatrında keçirilən festivalda dulusçuluq, misgərlik, xalçaçılıq kimi əl sənəti nümunələrimiz, milli şirniyyatlarımız da təqdim olunub. Parkda Azərbaycan milli musiqisi səsləndirilib, “İpək Yolu” yerli rəqs qrupu tərəfindən “Tərəkəmə”, “Nəlbəki” və s. rəqslərimiz ifa olunub. Qonaqlar Novruz bayramı ilə bağlı adət və ənənələrlə tanış olub, milli mətbəx nümunələrinin dadına baxıblar.

***

Novruz bayramının müjdəçisi olan İlaxır çərşənbə Gürcüstanın paytaxtı Tbilisidə – M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin həyətində təntənə ilə qeyd olunub.

Muzeyin əməkdaşı Leyla Əliyeva, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Novruz bayramı münasibətilə təbriklərini çatdırıblar.

Tbilisi Şəhər Şurasının sədri Giorgi Tkemaladze çıxış edərək Novruz bayramı şənliyində iştirakından qürur duyduğunu qeyd edib, Azərbaycanla Gürcüstan arasında mədəni əlaqələrin inkişafından söz açıb. Tbilisi şəhər merinin müavini Kaxa Guledani Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.

Bayram tədbiri rəqs nömrələri və mahnılarla davam etdirilib. Qonaqlar Novruz şirniyyatları və çay süfrəsinə qonaq edilib.