Milli-mənəvi irsimizin ən qədim yaddaşı və zəngin saxlancı olan Novruz martın 20-də torpağımıza qədəm qoyur. Azərbaycan xalqı əsrlər boyu baharın gəlişini sevinclə, təmtəraqla qarşılayıb. Əcdadlarımız Novruzu oynaq, lətafətli nəğmələr, yaradılışın ilkin atributları –  su, od, yel və torpağı təcəssüm etdirən mifoloji görüşlərlə bağlı ayin və mərasimlərlə bəzəyiblər.

Novruz qədim dövrlərdən bərəkət və firavanlığın rəmzi kimi bayram edilib. Novruz – həyatın yenilənməsi, təbiətin dirçəlişi, ruhumuzun bayramıdır. Artıq üçüncü ildir bu bayramı bizi dünyaya məğrur xalq  olaraq tanıdan şanlı Zəfərin tariximizə bəxş etdiyi əbədi bahar havasında qarşılayırıq. Bu qalibiyyət ovqatını bizə yaşadan, Vətənimizin ərazi bütövlüyü naminə canlarını fəda edən qəhrəmanları bir daha rəhmətlə anırıq.

İşğaldan azad olunmuş yurd yerlərimizdə geniş quruculuq işləri davam edir. İnanırıq ki, bu baharın qurub-yaratmaq əzmini artıran havası torpaqlarımızın dirçəlişinə yeni nəfəs bəxş etməklə Böyük Qayıdışı daha da sürətləndirəcək.

Bayramımız mübarək!