Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) tanınmış musiqişünas, Əməkdar incəsənət xadimi, professor Tərlan Seyidovun (1943-2023) xatirəsi anılıb.

BMA-nın rektoru Xalq artisti, professor Fərhad Bədəlbəyli uzun illər çiyin-çiyinə çalışdığı həmkarının xatirəsini ehtiramla yad edib və onun geniş fəaliyyəti haqqında fikirlərini bölüşüb.

BMA-nın məktəb-studiyasının elmi-metodiki işlər üzrə direktor müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimovanın qiraət videoçarxı təqdim edilib.

Tərlan Seyidovun təməlini qoyduğu və ömrünün sonuna kimi rəhbərlik etdiyi Orta ixtisas musiqi məktəb-studiyasının məzunları, beynəlxalq müsabiqələr laureatları, Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijorları – Əməkdar artist Fuad İbrahimov və Mustafa Mehmandarov, bəstəkar-pianoçu Tural Məmmədli, pianoçular Fəqan Həsənli, Coşqun Qadaşov, Nuranə Zeynalova, Zərif Kərimova, Nərgiz Kəngərli, sənətşünaslıq üzrə fəlsəfə doktoru Tahirə Mustafayeva (violonçel), Emil Hüseynov (violin) və orqan ifaçısı Gülnar Mirqasım mərhum musiqi təşkilatçısını öz ifaları ilə yad ediblər.

BMA-nın məktəb-studiyasının tədris işləri üzrə direktor müavini dosent Sevda Məmmədova öz müəllimi və rəhbəri haqqında danışaraq, ilk növbədə, onun öz peşəsinə nə qədər məsuliyyətlə yanaşdığını vurğulayıb, daim yeni ideyalarla çıxış etdiyini söyləyib.

Anım tədbiri söz və musiqisi Aytən İbrahimovaya aid olan vokal, violin və xor kollektivi üçün yazılmış məktəb-studiyanın himni ilə yekunlaşıb. Əsər solist, məktəb-studiyanın müəllimi Şəfəq Hacıyeva, violin ifaçısı BMA-nın tələbəsi Emil Hüseynov, konsertmeyster, məktəb-studiyanın müəllimi Ofeliya Axundova və dosent Aqil Qafulovun rəhbərlik etdiyi uşaq xor kollektivinin ifasında səslənib.