Xəbər verdiyimiz kimi, Macarıstanda görkəmli şair Şandor Petefinin (1823-1849) 200 illik yubileyi münasibətilə onun əsərlərinin TÜRKSOY təşkilatının üzvü olan xalqların dillərinə ən yaxşı tərcüməsi üzrə müsabiqə keçirilib.

Macarıstan Baş nazirinin dəftərxanası, Xarici İşlər və Ticarət Nazirliyi, Kişkunfeleqixaz şəhər meriyası, Macarıstan Yazıçılar Assosiasiyası, Macarıstan Elmlər Akademiyası, Milli Mədəniyyət İnstitutu, Petefi Ədəbiyyat Muzeyi və Tolstoy Cəmiyyətinin dəstəyi ilə keçirilən müsabiqəyə TÜRKSOY-a üzv ölkələr – Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan vətəndaşları qatılıblar.

Adıçəkilən ölkələrdən yüzdən çox şair Şandor Petefinin əsərlərinin 500 tərcüməsini təqdim ediblər. Onların sırasından yeddi şair seçilərək qalib elan olunub: Ramil Əhməd, Cavid Mövsümlü (Azərbaycan), Dauren Berikkajyulı (Qazaxıstan), Tolukbek Mendebayev (Qırğızıstan), Dursun Ayan (Türkiyə), Akmırat Rəcəbov (Türkmənistan) və Rustam Musurmon (Özbəkistan).

Kişkunfeleqixaz şəhərindəki Mor Ferents adına Mədəniyyət Mərkəzində keçirilən mükafatlandırma mərasimində giriş nitqi söyləyən mer Yojef Çanyi deyib ki, müsabiqənin hər bir iştirakçısı Petefinin şeirlərini seçməklə yanaşı, onun “Azadlıq və sevgi” poemasını öz ana dilinə tərcümə etməli idi. Qaliblər Macarıstana səkkizgünlük səyahət hüququ qazanıblar.

Macarıstan parlamentinin sədr müavini Şandor Lejak türkdilli xalqlarının ədəbi-mədəni inteqrasiyasına töhfə verən TÜRKSOY-un fəaliyyətini yüksək qiymətləndirib, qurumun baş katibi Sultan Raevə təşəkkür edib. O, bədii tərcümə proqramına dəstəyə görə TÜRKSOY-a üzv ölkələrin səfirlərinə də təşəkkürünü bildirib.

Baş katib Sultan Raev qeyd edib ki, müsabiqə şairin yaradıcılığının təşkilata üzv ölkələrdə təbliği baxımından mühüm tədbirdir. O, tərcümə müsabiqəsini təşkil etdiyinə görə rəhbərlik etdiyi təşkilatın adından Macarıstan parlamentinin sədr müavini Şandor Lejaka minnətdarlıq edib.

Sonra qaliblərə mükafatlar təqdim olunub.