İnsanları birlik və bərabərliyə, yaradılışa sevgiyə səsləyən Novruz bayramı bu dəfə bəşər sivilizasiyasının beşiklərindən olan, qayaüstü təsvirlər ocağı Qobustanda insanları bir araya gətirdi.

Mədəniyyət Nazirliyinin dəstəyi, Qobustan Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı ilə Qobustan qoruğunda (18 mart) Novruz şənliyi təşkil edildi.

Qara-boz qayalıqlar arasından şahə qalxan Novruz tonqalları, başdan-başa bəzədilmiş meydan, qurulmuş çadırlar, yaşıllanan çəmənlikdə qurulan ocaqlar, onların üzərində dəmlənən növbənöv təamlar, buğlana-buğlana qaynayan samovarlar, səbət dolu rənglənmiş yumurtalar, dörd bir yanda oynayan al-əlvan geyimli uşaqlar ayrı bir gözəllik elan edirdi.

İnsan ruhunu riqqətə gətirən bu mənzərədə xalq sənətkarlarının əl işləri – misgərlik, ağacoyma, zərgərlik, toxuculuq və başqa nümunələr, ustaların iş prosesi, hazırlanan işlərin sərgisi gəl-gəl deyirdi. Müasir texnoloji yeniliklər dövründə gerçək sənətlə məşğul olan ustalara geniş meydan verilməsi, sözsüz ki, onları da həvəsləndirir, yeni nümunələrin yaranmasına sövq edir...

Azərbaycan xalqının zəngin mətbəxini, etnoqrafiyasını əks etdirən nümunələr və bayram atributları arasında qurulan səhnədə maraqlı konsert və çıxışlar Novruz adına toplaşanlara unudulmaz anlar bəxş etdi. Beləcə, bəşər mədəniyyətinin nadir yadigarları olan qayaüstü təsvirlərin əhatəsində tarixlə müasirlik arasında yaddaqalan bir gün yaşadıq.

Qonaqları salamlayan Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev xalqımızın milli-mənəvi dəyərlərindən, adət-ənənələrindən söz açdı: “Bu məkanda Novruz şənliyinin təşkilində əsas məqsədimiz qoruğumuza gələn ziyarətçilər arasında yerli və əcnəbi qonaqlara bu bayramın adət-ənənələrini, atributlarını və Azərbaycanın zəngin mətbəxini nümayiş etdirməkdir. Bununla biz eyni zamanda qədim insan məskəni olan Qobustanın tarix-mədəniyyət yadigarlarına diqqəti çəkirik”.

Sonra səhnə iki saata yaxın müddətdə dolub-daşdı. Gah aktyorların ifasında müxtəlif səhnəciklər, gah da muğam sənətindən incilər, eləcə də aşıqların ifasında qoşma və gəraylıların ritmik havaları bayram şənliyinə xüsusi rəng qatdı. Ozan baba, Bahar qızı, Keçəl və Kosanın şən ovqatlı çıxışları tamaşaçıların könlünü oxşadı.

Kəndirbazların təhlükəli elementləri ustalıqla nümayiş etdirmələri başqa bir mənzərəni hasil etdi. Onların proqramları, sözün əsl mənasında, hər kəsi həyəcanlandırdı. Kəndirbazın kəndir üzərində nərdivan, sini, hətta velosipedlə tryukları böyük alqış aldı.

Qədim insan məskənində ov ovlayıb, quş quşlayan əcdadlarımızın ardınca getməyə çalışanlar, çətin olsa da, oxatma, nizə ilə yaxın məsafədən hədəfə nişanalma ilə daha çox uşaqların yarış ruhunu hərəkətə gətirdilər. Gənclər qol güclərini, diqqət və səbirlərini də sınadılar.

Beləcə, bir yanda rəngli yumurtalarını döyüşdürüb kiçik zəfərlərinə sevinən balacaları, bir yanda da yuxa yayıb, sacı qızdıran ocağın tüstüsündən qorunmaq üçün gözlərini ova-ova dürmək gözləyən uşaqları, qırışlı əlləri ilə qutabları yağlayıb ocağın yanında isinən cavanlara səxavətlə pay-puş edən nənələri göz lazım idi görsün.

Hə, bir də “İgid canlı, kabab qanlı” duruşlu dirsəyəcən çırmalanıb ustalığını qıpqırmızı közlərin üzərində şişlərin rəqsi ilə göstərən kababçılar, dəmlənmiş çayının ətrinin ətrafa yayılması ilə onlardan geri qalmadığını nümayişkaranə göstərən cavan çayçı da vardı. O gün Qobustanda, sözün əsl mənasında, rejissorsuz, mizansız bir tamaşa oynanılırdı. Novruz şölənində Qaradağ rayonu Qobustan qəsəbəsi aşıq Rza Qobustanlı adına Mədəniyyət evinin kollektivi də üzərinə düşəni layiqincə etməyə çalışdı.

Tədbirdə həmçinin əlilliyi olan şəxslərin, eləcə də el sənətkarlarının əl işlərindən ibarət satış yarmarkası da təşkil edilmişdi.

Həmidə Nizamiqızı