Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) Xalq çalğı alətləri üçün musiqi bölməsinin növbəti iclası keçirilib. Tədbir Əməkdar incəsənət xadimi Nazim Quliyevin iki yeni əsərinin dinlənilməsinə həsr olunub.

Bəstəkar son günlərdə Azərbaycan Dövlət Akademik Filarmoniyası Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin ifasında lentə alınmış “İrəvan şikəstəsi” və “Xocalı şikəstəsi”ni bölmənin müzakirəsinə təqdim edib. Əsərlər dinlənildikdən sonra ABİ-nin katibi, Əməkdar incəsənət xadimi Cəlal Abbasov, musiqişünaslar Səadət Təhmirazqızı, Xanlar Novruzov, bəstəkarlar Azad Zahid və Tural Məmmədli fikirlərini söyləyiblər.

Çıxışlarda bu cür sənət nümunələrinin yaradılmasının vacibliyi qeyd olunub, müəyyən qeydlər nəzərə almaqla şikəstələrin hər ikisi peşəkarlıq baxımından məqbul sayılıb.

Müəllif və əsərləri səsləndirən orkestrin dirijoru İlahə Hüseynova birgə iş prosesindəki diqqətçəkən məqamlardan danışıblar.
“İrəvan şikəstəsi” və “Xocalı şikəstəsi”nin konsertlə geniş ictimaiyyətə çatdırılması nəzərdə tutulur.