Novruz ən qədim zamanlardan ulu babalarımızın ən sevimli bayramlarından olub, bu gün də xalqımız üçün dəyər-qiyməti heç azalmayıb. Xalqımız bu bayramla bağlı, yəni təbiət hadisələrinə münasibətini ifadə edən bir sıra folklor nümunələri yaradıb. Bu nümunələrin əksəriyyəti nəsildən-nəslə keçərək dövrümüzə qədər gəlib çatıb. Bizlər bu xalq deyim-duyumlarını baba-nənələrimizdən eşitmişik...

Novruz bayramının əsas atributlarından biri də səmənidir. Novruz bayramına 10-15 gün qalmış qız-gəlinlər arpa və ya buğdanı nimçələrə sərib üzərinə su tökərlər. Bir də baxarlar ki, nimçədə yaşıl zəmi yaranıb... Səməninin “belinə” qırmızı lent bağlayıb bayram süfrəsinə qoyar, ətrafına şam düzərlər. Sonra isə:

Səməni, ay səməni,
Göyərdərəm mən səni.
Səndən mən can istərəm,
Damara qan istərəm.

İllətimin loğmanı,
Yamanların amanı,
Səməni, ay səməni.
Göyərdərəm mən səni,

– deyərək onu nəğmələrlə oxşayarlar. Keçmiş zamanlarda Novruz bayramı günü kənd əhli böyük bir düzənliyə yığışar, hər kəs orada bir igidlik nümayiş etdirərmiş...

Bayramın səhəri günəş doğar-doğmaz hərə bir qab su götürüb bayıra çıxar, kimliyindən asılı olmayaraq, qarşısına ilk çıxan adamı həmin su ilə isladarmış. İslanan adam inciməz, pərt olmazmış. Çünki bayramın səhəri bulaqdan gətirilən su təzə sayılarmış. Bu ayin təxminən bir saat davam edərmiş. Çərşənbə gecəsi qızlar axar su üstünə yumurta qoyar, qapı pusar, su dolu kasada iynə üzdürər, fala baxardılar.

Bəziləri də bir yerə yığışıb bayram aşı yeyər, adamları yamsılayardılar. Qızlardan biri əyninə kişi paltarı geyib, qəşəng qızlardan birini sevdiyini bildirərdi. Məclisdəkilər damdan asılan yelləncəkdən yellənər, səhərə kimi oyaq qalar, mövsüm nəğmələri oxuyardılar. Cavanlar evlərin qapı-bacasından papaq, torba atıb bayram payı yığardılar.

Şairlərimizin bu əziz el bayramına həsr etdikləri şeirlər öz ürəyəyatımlılığı, şirinliyi ilə diqqəti cəlb edir. Bayram mənzərələrini tanınmış şair Qasım Qasımzadə necə də gözəl nəzmə çəkib:

Günəş baxır təbəssümlə,
Duman dönür qızıl tülə,
Buzlu şırran gəlib dilə:
“Novruz çatıb, yaz vaxtıdır”.

Küsmüsənsə, barış bu gün,
El-obaya qarış bu gün,
Gözaltınla danış bu gün,
Aç qəlbini, söz vaxtıdır.

Çərşənbənin son axşamı,
Qoşa yanır tale şamı.
İstəyinə çatsın hamı,
Hər qismətin öz vaxtıdır.

Yazın adı dodağında,
Səmənisi otağında,
Mənim ana torpağımda,
Büsat vaxtı, saz vaxtıdır.

Novruz bayramı elimizə əmin-amanlıq, evlərimizə ruzi-bərəkət gətirsin. Bayramınız mübarək!

Nizami Nadirov
İsmayıllı rayonunun Soltənkənd kəndi