Xəbər verildiyi kimi, Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Zaur Askenderovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. Heyətdə Dağıstan parlamenti sədrinin müavini Kamil Davdiyev, parlamentin Təhsil və elm komitəsinin sədri Yelena Pavlyuçenko, Mədəniyyət, gənclərlə iş, idman və turizm komitəsinin sədri Murat Payzulayev, Dağıstanın mədəniyyət naziri Zarema Butayeva yer alıblar.

Səfər çərçivəsində nümayəndə heyəti Bakıdakı Rus evində (Rusiya İnformasiya Mədəniyyət Mərkəzi) Dağıstanın Xalq şairi Rəsul Həmzətovun 100 illiyinə həsr olunmuş foto-ədəbi sərginin açılışında iştirak ediblər.

50 foto və şairin məşhur şeirlərindən 10 nümunənin təqdim edildiyi sərgi Rəsul Həmzətovun həyat və yaradıcılığına bir səyahətdir. Dağıstanı bütün dünyada tanıdan ədib bir çox ölkələrdə olub, bununla belə, dağların həqiqi oğlu olaraq qalıb.

Sərginin ekspozisiyasına Azərbaycan dilində “Durnalar”, “Mənim dostum”, “Mən Səməd Vurğunun evinə daxil olanda”, rus dilində “Bakı” şeirləri də daxildir. Fotoekspozisiya Rəsul Həmzətovun gənclik illərini, ailəsini, sovet yazıçıları ilə görüşlərini, son illərini əks etdirir. Burada Rəsul Həmzətovun Azərbaycanla dostluğu və əməkdaşlığından bəhs edən fotoşəkillər də nümayiş olunur.

Sərginin açılışında Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov, A.Taxo-Qodi adına Dağıstan Milli Muzeyinin baş direktorunun müavini Cəmilə Daqirova da iştirak ediblər.