Azərbaycan Milli Xalça Muzeyində rəssam, kinorejissor, incəsənət nəzəriyyəçisi Teymur Daiminin rus dilində nəşr olunmuş “От культа к культуре” (“Sitayişdən mədəniyyətə”) kitabının təqdimatı keçirilib.

Muzeydən bildirilib ki, təqdimatda müəllif mədəniyyətin mənəviyyat, iman, ənənə, mistisizm və digər problemləri ilə maraqlanan geniş oxucu kütləsi üçün qələmə aldığı kitab haqqında ətraflı məlumat verib.

Teymur Daimi iştirakçıları maraqlandıran sualları cavablandırıb, onlarla fikir mübadiləsi aparıb.

Qeyd edək ki, kitabda ənənəvi olaraq “incəsənət” adlandırılan fəaliyyətə alternativ olaraq “vizual antropoloji təcrübə” tərifi verilir. Vizual təcrübənin əsaslarını yenidən nəzərdən keçirən Teymur Daimi bu təcrübənin insanın estetik ehtiyaclarının ödənilməsi, dünyanın incəsənət prizmasından və ya obrazlı dərk edilməsi üçün yaranmadığı qənaətinə gəlir. O, bəşər tarixi yaranandan meydana çıxan vizual təcrübənin məqsədinin həm incəsənətin, həm də, ümumiyyətlə, mədəniyyətin hüdudlarından kənara çıxdığını əsaslandırır. Yeni nəşr bütövlükdə bu fenomenal təcrübənin geniş izahına həsr olunub.