“Heydər Əliyev İli” və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin yaradılmasının 165 illik yubileyi çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyinin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Suraxanı” gəmi-muzeyinin birgə təşkilatçılığı ilə “Xəzərin irsi” adlı unikal sualtı-arxeologiya sərgisi açılıb.

“Suraxanı” gəmi-muzeyində keçirilən mərasimdə Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru akademik Nailə Vəlixanlı sərginin əhəmiyyətindən söz açıb. Milli Azərbaycan Tarixi Muzeyində 1968-ci ildə Viktor Kvaçidzenin rəhbərliyi ilə fəaliyyətə başlayan sualtı arxeoloji ekspedisiyanın tarixindən bəhs edən akademik qeyd edib ki, bu tədqiqatlar nəticəsində muzeydə və Azərbaycan tarix elmində yeni bir ixtisas sahəsinin əsası qoyulub, eyni zamanda muzeyin Arxeologiya fondu sualtı arxeoloji materiallar hesabına zənginləşib.

Bildirilib ki, sualtı arxeologiyaya həsr olunmuş bu sərgi yalnız mütəxəssislər, tədqiqatçılar üçün deyil, Azərbaycan tarixi və mədəniyyəti ilə maraqlanan hər kəs, o cümlədən ölkəmizin qonaqları üçün maraqlı olacaq.

Sərgidə Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasından seçmə eksponatlar – Xəzərin Azərbaycan sektorunun dibindən aşkarlanmış artefaktlar, tarixi əşyalar nümayiş edilir.

Sərgi Milli Azərbaycan Tarixi Muzeyi və “Suraxanı” gəmi-muzeyi arasında əməkdaşlıq haqqında imzalanmış memorandum çərçivəsində təşkil edilib. Gəmi-muzeydə 200-dən çox artefaktın sərgilənməsinə xüsusi şərait yaradılıb. Artefaktların tarixini, əhəmiyyətini muzey ziyarətçilərinə çatdırmaq, həmçinin tapıntı yerlərini göstərmək məqsədilə sərgidə interaktiv və multimedia avadanlığı qurulub, müvafiq proqramlar yaradılıb.

Tədbirdə sərginin kataloqunun təqdimatı da keçirilib. Sonda qonaqlar “Xəzərin irsi” adlı sualtı arxeologiya sərgisi ilə tanış olublar.