Bakı Dövlət Universitetinin Sənəd və informasiya menecmenti fakültəsinin (keçmiş Kitabxanaçılıq-informasiya fakültəsi) kitabxanaçılıq və informasiya ixtisası üzrə tələbələri Respublika Uşaq Kitabxanasında istehsalat təcrübəsi keçiblər.

Martın 17-də Respublika Uşaq Kitabxanasında təcrübəçi tələbələrin yekun təqdimatları təqdim edilib.

Qeyd olunub ki, tələbələr təcrübə müddətində kitabxananın Oxuculara xidmət şöbəsi, Komplektləşdirmə, Kitabxana proseslərinin avtomatlaşdırma və kompüterləşdirməsi, Elmi metodika, Məlumat-biblioqrafiya, Ölkəşünaslıq və milli ədəbiyyatın təbliği, Kütləvi işlər, İncəsənət, Kitabsaxlayıcı şöbələrinin iş fəaliyyətini öyrənib, yeni informasiya texnologiyaları vasitəsilə müasir kitabxana xidmətlərinin təşkilinə dair biliklərini artırıblar.

Təcrübə dövründə tələbələrə kitabxanadan istifadə qaydaları, kitabxananın tarixi, fəaliyyəti, strukturu, fondu, elektron kataloq və kartoteka sistemi, oxuculara xidmət işi, sənəd dövriyyəsi, elektron resurslar, elektron məlumat bazası və s. barədə ətraflı məlumat verilib. Kitabxananın bütün fəaliyyət istiqamətləri üzrə praktik biliklərə yiyələnən tələbələr təcrübə müddətində burada keçirilən müxtəlif tədbirlərdə və kitabxanadaxili iş proseslərində iştirak ediblər.

İstehsalat təcrübəsinin yekununda fakültə və kitabxana rəhbərliyi, təcrübə rəhbərləri, kitabxana əməkdaşlarının iştirakı ilə tələbələrin əldə etdikləri biliklərlə bağlı müzakirələr aparılıb, onların fəaliyyəti qiymətləndirilib.

Sonda tələbələrin təqdimatında kitabların icmalı keçirilib. Tələbələr təcrübə zamanı onlarda formalaşmış bilik və bacarıqların gələcək karyeralarında mühüm rol oynayacağını qeyd ediblər.