Xorvatiya Respublikasının Azərbaycandakı səfiri Branko Zebic martın 17-də Milli Kitabxanada olub.

Görüş zamanı qonağa Milli Kitabxana haqqında məlumat verilib. Bildirilib ki, 6 milyon fondu olan kitabxana 80-ə yaxın ölkə ilə kitab mübadiləsi edir, 48 ölkənin kitabxanaları ilə memorandum imzalanıb. Kitabxananın onlayn istifadəçiləri Avropa ölkələrini də əhatə edir.

Qeyd olunub ki, bu görüş Xorvatiya Milli Kitabxanası ilə əlaqələrin genişlənməsində böyük rol oynayacaq və əməkdaşlıq memorandumunun imzalanmasına zəmin yaradacaq.

Diplomat Xorvatiya ilə bağlı bir sıra nəşrləri, eləcə də xorvat şair Draqo Ştambukun Azərbaycan dilində nəşr edilmiş “Zefir” şeir toplusunu Milli Kitabxananın fonduna hədiyyə edib.

Milli Kitabxananın direktoru Kərim Tahirov qonağa kitabxana və Azərbaycan xalçaları haqqında kitabları, habelə Azərbaycanın tarix-mədəniyyət abidələrinin xəritəsini təqdim edib. Sonra səfir Milli Kitabxana ilə yaxından tanış olub.