Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və ölkəmizin Fransadakı səfirliyinin birgə təşkilatçılığı ilə Novruz bayramı Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində qeyd olunub.

Mərasimdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çıxış edərək Novruzun fəlsəfəsi və bu bayramla bağlı adət-ənənələrimiz haqqında danışıb. Vurğulanıb ki, Azərbaycanın ən qədim bayramı olan Novruz xalqımızın zəngin dəyərlərini özündə ehtiva edir. Bu bayram həmişə təbiətin dirçəlməsinin, mənəvi saflığın, bərabərliyin təntənəsi olub. Novruzun 3 min ildən artıq tarixi olduğunu söyləyən səfir bayramın insanlar arasında sülhü, barışığı və həmrəyliyi nümayiş etdirdiyini bildirib.

Diplomat qeyd edib ki, Novruz bayramı bəşəriyyətin mədəni müxtəlifliyini əks etdirir, müxtəlif ölkələrin xalqları və icmaları arasında dostluğa töhfə verir. Diqqətə çatdırılıb ki, Azərbaycanın təşəbbüsü və bu bayramı qeyd edən digər ölkələrin dəstəyi ilə Novruz 2009-cu ildə UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Mərasimdə müxtəlif ölkələrin Fransada akkreditə olunmuş diplomatları, Parisdəki beynəlxalq təşkilatların, Fransa XİN-in nümayəndələri, bu ölkədəki Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Azərbaycan xalq musiqisi və rəqslərinin təqdim olunduğu proqram bayram tədbirinə xoş əhval-ruhiyyə qatıb.