Türkiyə tarixində xüsusi yeri olan 1915-ci il Çanaqqala zəfərinin 108-ci ildönümünə həsr olunmuş anım mərasimi çərçivəsində Çanaqqala Şəhidliyi Kompleksi ərazisində Azərbaycan şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarətə açılıb.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və Çanaqqala Döyüşləri Gelibolu Tarixi Bölgə Baş İdarəsinin (ÇDGTBBİ) rəisi İsmail Kaşdemir abidənin önünə çələng qoyublar.

Xatırladaq ki, 24 aprel 2015-ci ildə Çanaqqala döyüşlərinin 100-cü ildönümü münasibətilə burada keçirilmiş tədbirdə iştirak edən Prezident İlham Əliyev komplekslə tanışlıq zamanı Çanaqqala döyüşlərində şəhid olmuş azərbaycanlıların xatirəsinin əbədiləşdirilməsinə dair Azərbaycanın müvafiq dövlət qurumlarına tapşırıq vermişdi. 2022-ci ilin dekabrında xatirə abidəsinin təməli qoyulmuşdu.

Heykəltəraş Tural Rzaquliyevin layihəsi üzrə Bakıda hazırlanmış və milli ornamentlərin əks olunduğu 1800x1900 mm ölçülü bürünc barelyefdə çiyin-çiyinə vuruşan Azərbaycan və Türkiyə əsgərləri təsvir edilib. Barelyef 3 metr yüksəklikdəki postament üzərində yerləşir və onu tamamlayan sütunla birlikdə abidənin ümumi hündürlüyü 13 metrdir.

Tədbirdə çıxış edən səfir Rəşad Məmmədov Azərbaycan-Türkiyə qardaşlığının tarixin çətin sınaqlarından uğurla çıxdığını vurğulayıb və bu abidənin ölkələrimizin birliyinin, həmrəyliyinin simvollarından olacağına əminliyini ifadə edib.

İsmail Kaşdemir çıxışında Çanaqqala döyüşünün Türkiyə tarixində roluna toxunub, hər il keçirilən anım mərasiminin bu il – Türkiyə Cümhuriyyətinin 100 yaşının tamam olduğu 2023-cü ildə xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O, şəhidlik kompleksinin ən gözəl yerində ucaldılan Azərbaycan abidəsinin iki dövlət arasındakı qardaşlığın təcəssümü olduğunu bildirib.

Mehparə Sultanova
Ankara