Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar, QHT təmsilçiləri və könüllülərin Şuşa şəhəri yaxınlığında – Laçın-Xankəndi yolunda aksiyası yüz gündən çoxdur davam edir.

Xatırladaq ki, dinc aksiya ötən payız fəslinin son ongünlüyündə – 2022-ci il dekabrın 12-də başlayıb və qışın şaxtalı-boranlı günlərində də aralıqsız sürüb. Martın 21-dən isə ekoloji aksiya artıq üçüncü fəslə qədəm qoyub.

Yeri gəlmişkən, baharın ilk günündə bir qrup sənətçi aksiya iştirakçılarının qonağı olub. Novruz bayramı münasibətilə burada təşkil olunan konsertdə müğənnilər – Hiss, Nuri Serinlendirici & Jane Shirokih, Xalq artisti Röya Ayxan çıxış ediblər. Bayram konserti “DJ Kənan Drums” tərəfindən təqdim edilən yerli və xarici musiqilərlə davam edib.

Ekoloji aksiya iştirakçılarına bayram sovqatı da təqdim edilib.