Azərbaycan Milli Xalça Muzeyində təbiətin oyanışını müjdələyən, bərəkət, birlik və bərabərlik rəmzi olan Novruz bayramı münasibətilə uşaqlar üçün şənlik keçirilib.

Muzeydən bildirib ki, bayram tədbirində Üzeyir Hacıbəylinin Ev-Muzeyinin nəzdində fəaliyyət göstərən "Nur" xor studiyasının (dirijor: Mələk Vəlizadə) kollektivi musiqi kompozisiyası təqdim edib.

Muzeyin Uşaq şöbəsinin hazırladığı “Günəşin nağılı” teatr tamaşası göstərilib. Kəmalə Rəcəbovanın rəhbərlik etdiyi “Azərbaycan ritmləri” rəqs ansamblı isə konsert proqramı ilə çıxış edib.

Uşaq şöbəsi tərəfindən qazi və şəhid ailələrinin övladları üçün milli geyimlərin yun saplarla bəzədilməsi üzrə ustad dərsi, muzeyə ekskursiya təşkil olunub.

Tədbirdə Yasamal rayon MKS-nin “Heydər Əliyev İli” ilə əlaqədar tərtib etdiyi kitab sərgisi də nümayiş olunub.

Bayram şənliyinin sonunda iştirakçılara təşəkkürnamələr təqdim olunub.