İslam aləmində on bir ayın sultanı adlandırılan Ramazan ayı miladi təqvimlə martın 23-də başlayıb.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurası mübarək Ramazan ayının başlanması ilə əlaqədar fətvasında Ramazanın fəzilətləri barədə müqəddəs kitab Qurani-Kərimdə buyurulanları diqqətə çatdırır: “Ramazan ayı insanlara doğru yol göstərən, doğru yolu və haqqı batildən ayırmağı açıq-aşkar dəlillərlə bəyan edən Quranın nazil olduğu aydır. Sizdən hər kim o aya yetişsə oruc tutsun..” (Bəqərə, 185).

Fətvada bildirilir ki, Ramazani-şərif aləmlərə rəhmət, möminlərə mərhəmət olan Qurani-Kərimin nazil olduğu aydır. Şükürlər olsun ki, artıq üçüncü Ramazanı qalib xalq, böyük Zəfər niyyətinə yetişmiş millət kimi qarşılayırıq.

Qeyd edilir ki, mənəviyyat və əxlaqın zənginləşməsinə vəsilə olan oruc ibadəti insanın daxili saflığına, pis vərdişlərdən uzaq durmasına, Allah yolunda xeyirxah işlər görməsinə, fiziki və mənəvi cəhətdən sağlam olmasına səbəb olur. Orucluq ibadəti sosial yardımlaşmanı artıran, mənəvi dəyanəti gücləndirən ilahi qüvvəyə malikdir: “Mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində kömək göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm-irfan və ibadətlə məşğul olmaq bu ayda ən böyük savabdır. Tövsiyə edirik ki, bu mübarək günlərdə torpaqlarımız, Vətənimiz uğrunda canlarını fəda edən qəhrəman şəhidlərin xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, şəhid və qazi ailələrinə qayğı və diqqət göstərilsin”.

Fətvada o da bildirilir ki, bu il də Qafqaz Müsəlmanları İdarəsi mübarək Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib. Təqvim QMİ-nin internet saytında (www.qafqazislam.com) yerləşdirilib. Digər mənbələrdən daxil olmuş, təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlar tərəfindən istifadəsi qeyri-məqbuldur. Bütün kütləvi informasiya vasitələrindən məhz QMİ-nin təqviminə istinad etmələri xahiş olunur.

***

Ramazan ayının İslam aləmində on bir ayın sultanı adlandırılmasının səbəbi bu ayda müsəlmanlar üçün iki mühüm dini hadisənin baş verməsidir. Həmin hadisələrdən biri İslam dininin müqəddəs kitabı Qurani-Kərimin Həzrəti Peyğəmbərimizə (s.a.v.) Ramazan ayının gecələrinin birində nazil olmağa başlamasıdır ki, həmin gecə “Qədr” və ya “Əhyə” gecələridir, digəri isə müsəlman təqvimi hicrinin 2-ci ilində (miladi təqvimlə 623-cü il) İslamın ibadətlərindən biri olan Orucun Allah-təala tərəfindən bütün müsəlmanlar üçün fərz buyurulmasıdır. Oruc ibadətinin Ramazan ayında fərz buyurulması səbəbilə bu ibadətin adı “Ramazan orucu” olaraq adlandırılır.

Bunu Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müəllimi, dosent Anar Qafarov Ramazan ayı ilə əlaqədar qeydlərində diqqətə çatdırır.

Dinşünas alim qeyd edir ki, İslam dininin təşəkkülündən əvvəlki dövrə tarixi ekskurs etdikdə o dövrdə Məkkə, Mədinə (Yəsrib) və başqa cəmiyyətlərdə ümumbəşəri dəyərlərdə aşınma olduğunun, insana mənsub olduğu qəbiləyə və maddi imkanlara görə dəyər verildiyinin, bir çox mənəvi və əxlaqi prinsiplərin məna yükünün qəbilə təəssübkeşliyi əsasında formalaşdığının və mənəvi anlamda özünəyadlaşan insan profilinin vüsət aldığının şahidi oluruq.

Allahın orucu bir ibadət olaraq vacib buyurmasındakı məqsəd mənəvi böhranla qarşılaşan insanı bu girdabdan xilas etməkdir. Oruc ibadətinin əhəmiyyətini sadəcə keçmişlə izah etmək doğru olmaz. Oruc bu gün də öz əhəmiyyətini qoruyur və aktuallığını itirməyib. Bu mənada, ilahi buyruqlar olan ibadətlər, o cümlədən oruc qəlbsiz və ruhsuz dünyanın qəlbi və ruhudur. Oruc insanın öz mənəvi mövcudluğunu qoruması üçün sığınacağı limandır. Oruc bəşər övladını özünə yadlaşmaqdan xilas edir, onu fərdiyyətçilikdən, mənfəətpərəstlikdən müəyyən qədər xilas edərək, özünü başqalarının yerinə qoya bilən, başqalarının ən zəruri tələbatlarını qarşılaya bilmədiklərinə görə keçirdiyi hissləri keçirən bir insan halına gətirir.

Oruc boyatlaşmış insan şəxsiyyətini yeniləyər. Oruc arzu və tələbatlarımızı müəyyən bir müddət ərzində durğunlaşdırır və insan bu yol ilə təqva sahibi olur. İnsanın doyumsuzluğunu nizamlayır. Oruc daxilimizdə nizamı bərqərar edir, ruhumuzu və iradəmizi gücləndirir, arzu və ehtiraslarımızın önünə bir qalxan kimi sədd çəkər. Oruc insanın gözünü, qulağını, dilini və bədənin digər üzvlərinin yersiz və günah yönümlü funksiyalarını məhdudlaşdırır. Oruc vicdanın səsini dinləməyi öyrədir insana. İnsan oruc sayəsində özü ilə üzləşmə fürsəti əldə edir.