Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxtda fəaliyyət göstərən teatrların bölgələrə qastrol səfərləri davam edir.

A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaradıcı heyəti martın 22-də Salyan və Lənkəranda olub. Paytaxt kuklaçılar M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası əsasında eyniadlı tamaşanı əvvəlcə Salyan Dövlət Kukla Teatrında nümayiş etdiriblər. Kollektiv daha sonra Lənkəran şəhərindəki uşaq evi sakinlərinə sənət ərməğanı bəxş edib.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı isə həmin gün Gəncədə qonaq olub. Kollektiv Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında eyniadlı tamaşanı Gəncə teatrının səhnəsində nümayiş etdirib.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı İbrahim Sadıxovun “Molla Nəsrəddinin beş arvadı” əsərinin tamaşası ilə martın 23-də (saat 18:00) Mingəçevir teatrının səhnəsində çıxış edəcək.

Şuşa Dövlət Musiqili Dram Teatrı isə “Lənkəran xanının vəziri”ni qusarlı tamaşaçılarla görüşdürəcək. Axundzadənin bu məşhur əsərinin tamaşası martın 23-də Qusar Dövlət Ləzgi Dram Teatrında oynanılacaq.

Novruz bayramı günlərində musiqisevərlər də diqqətdən kənarda qalmayıblar. Martın 23-də Sumqayıt Muğam Mərkəzində konsert keçiriləcək. Konsertdə Muğam televiziya müsabiqələrinin iştirakçısı və qalibləri, eləcə də respublika və beynəlxalq müsabiqələrin laureatları çıxış edəcəklər.