Bölgələrdəki mədəniyyət müəssisələrində Novruz bayramı münasibətilə müxtəlif tədbirlər keçirilib. Bayram günlərində şəhid ailələri, qazilər və hərbçilərimiz də unudulmayıb.

Sumqayıt şəhər Səməd Vurğun adına Mərkəzi Kitabxanası Uşaq şöbəsinin əməkdaşları Vətən müharibəsi şəhidləri – kapitan-leytenant Fərrux Həşimov, əsgər Murad Rəhimli, mayor Asif Azayev, gizir Qəzənfər Mütəllimov və Azərbaycan Televiziyasının şəhid operatoru Sirac Abışovun ailələrini ziyarət ediblər.

***

Zaqatala rayon Mədəniyyət Mərkəzinin Xalq teatrında azyaşlı tamaşaçılar üçün "Novruz əhvalatı" adlı nağıl-tamaşa göstərilib. Tamaşanın rejissoru Namiq Məmmədov, musiqi tərtibatçısı Kənan Şəkərov, ssenari müəllifi Nazən Şəkərovadır. Rolları Namiq Məmmədov, Dina Matıyeva, Kənan Şəkərov, Şahin İsayev və Əzizə Mehdiyeva ifa ediblər.

***

Lerik rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı, rayon İcra Hakimiyyətinin dəstəyi ilə Novruz şənliyi keçirilib. İdmançılar müxtəlif idman növləri üzrə öz məharətlərini nümayiş etdiriblər. Novruz şənliyi tanınmış musiqiçilərin ifasında bayram konserti ilə davam edib.

***

Biləsuvar RMİ və Salyan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunan tədbir keçirilib. Salyan rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələri tərəfindən xalq tətbiqi sənət nümunələrindən ibarət sərgi təşkil edilib, rayonun milli mətbəx və folklor nümunələri təqdim olunub. İncəsənət ustalarının konserti tamaşaçıların könlünü oxşayıb. Sonda Novruz tonqalı qalanıb.

***

Cəlilabad rayon Mədəniyyət Mərkəzi və Göytəpə şəhər Mədəniyyət evinin birgə təşkilatçılığı ilə Göytəpə şəhərində yerləşən N saylı hərbi hissədə Novruz bayramı ilə əlaqədar tədbir keçirilib. Tədbirdə mərkəzin solistlərinin ifasında konsert proqramı təqdim olunub.

***

Gədəbəydə Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib. Mədəniyyət işçilərinin ifasında bir-birindən gözəl xalq musiqiləri, Novruz mərasimləri, milli birlik və həmrəyliyimizi tərənnüm edən nəğmələr səsləndirilib. Novruzun əsas personajları olan Kosa və Keçəlin çıxışları qonaqlarda xoş ovqat yaradıb.

***

Sabirabad şəhərində də Novruz şənliyi keçirilib. Sabirabad RMİ-nin təşkilatçılığı, rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə reallaşan tədbirdə Mədəniyyət Mərkəzi və şəhər Ü.Hacıbəyli adına Uşaq musiqi məktəbinin təşkil etdiyi konsert proqramı maraqla qarşılanıb.

***

Ağstafa rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə Ağstafada yerləşən N saylı hərbi hissədə bayram konserti keçirilib. Çıxış edənlər bayram münasibətilə hərbi hissənin şəxsi heyətini təbrik edib, onlara çətin və şərəfli xidmətdə – Vətənin müdafiəsində uğurlar arzulayıblar. Tədbir rəngarəng konsert proqramı ilə davam edib.

Qazax rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Qazax rayonunda yerləşən N saylı hərbi hissədə "Bayramın mübarək, ey Vətən oğlu!" adlı bayram konserti keçirilib. Əsgər və zabitlər şən musiqi sədaları altında rəqslər ediblər.

***

Xocalı rayon Mədəniyyət evi, şəhər 1 və 3 nömrəli uşaq musiqi məktəbləri və 5 nömrəli klubunun birgə təşkilatçılığı ilə bayram tədbiri keçirilib. Milli adət-ənənələrimizi əks etdirən kompozisiya, milli rəqslər və şən əhval-ruhiyyəli musiqilər təqdim edilib. Kosa və Keçəlin məzəli deyişmələri, gənc pəhləvanların güləşi, cavanların at üzərində göstərdiyi məharət və s. qonaqlar tərəfindən maraqla qarşılanıb.

Hazırladı: N.Məmmədli