Rəssam üçün yaradıcılıq yolu sonsuz, daimi axtarışlar deməkdir. İndividuallıq isə hər zaman rəssam üçün ön planda olmalıdır. Gördüklərini, hiss etdiklərini tabloya köçürə-köçürə, ruhunun ifadəsində rəngləri naxışa çevirməklə rəssam öz bədii duyğuları ilə izləyicilərinin qəlbini fəth edə bilir. Belə rəssamlardan biri də Asim Rəsuloğludur. Onun əsərlərinə nəzər saldıqca yaradıcı insan dünyasının dəyişən fantaziya və hisslərlə zənginliyinin bir daha şahidi oluruq. Rənglərin müxtəlifliyi rəssamın qəlbinə, onun dünyasına açılan pəncərədir desək, heç də yanılmarıq.

Asim Rəsul oğlu Səmədov (Asim Rəsuloğlu) 3 mart 1955-ci ildə Şəki şəhərində dünyaya gəlib. Uşaqlıqdan təsviri sənətə olan marağı onu bu sahədə təhsil almaq üçün Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə (1971-1975) aparır. Burada dövrün tanınmış rəssamları Gennadi Brijyatuk, Murad Əşrəf, Kamal Əhməd və Mircavad Mircavadovun yaradıcılığından yaxşı mənada təsirlənir. Daha sonra ali təhsilini Belarus Dövlət Teatr-İncəsənət İnstitutunun Monumental rəssamlıq şöbəsində (1975–1980) alan Asim Rəsuloğlu hələ tələbə ikən öz fərqli yaradıcılıq yolu ilə diqqət çəkirdi.

1987-ci ildə Tokioda müasir incəsənət mövzusunda keçirilən sovet-yapon sərgisində Asim Rəsuloğlu “Böyük dəniz” əsəri ilə iştirak edir və qızıl medalla mükafatlandırılır. 1978-ci ildən müxtəlif sərgilərə qatılan rəssamın ilk fərdi sərgisi Parisdə Aleksandr Qalereyasında (1991) olub. İlk fərdi sərgisində özü şəxsən iştirak edə bilməyən rəssamın əsərləri böyük maraqla qarşılanır. Bunun ardınca Nyu-Yorkda ABŞ-SSRİ müasir incəsənət sərgisində (1992), Danimarka və SSRİ rəssamlarının sərgisində (Odens şəhəri, 1993) iştirak edib. Daha sonra rəssamın Almaniya, Türkiyə, Belçika və Norveçdə fərdi sərgiləri də təşkil olunub.

Ümumiyyətlə, yaradıcı insanın dünyası dəyişik fantaziya və hisslərlə zəngindir. Abstrakt təsvirlərin müəllifləri qarşılarına obyektlərin dəqiq təsvirini çatdırmaq vəzifəsini qoymasalar da, əsas məqsədləri öz yaradıcılıqları ilə emosiyalar oyatmaqdır. Təbiət, sözsüz ki, mükəmməldir və onun surətinin çıxarılmasını mənasız hesab etməklə abstrakt rəssamlar ətraf aləmin harmoniyasının axtarışını ön plana çəkməyə çalışırlar. Abstrakt sənət non-fiqurativ və ya predmetsiz sənət hesab edilsə də, daha diqqətlə baxsaq, ləkə və xətlərin hər hansı bir kompozisiyanı əks etdirdiyini görə bilərik. Asim Rəsuloğlu isti və soyuq rənglərin ahəngindən gözəl lövhələr yaratmaqla palitra zənginliyi, poetik əhval-ruhiyyə, kolorit gözəlliyi, orijinal üslub və bacarığı ilə milli təsviri sənətimizi zənginləşdirib. Rəssamın yaradıcılıq diapazonunda qırmızı rəngin xüsusi çəkisi var. Bu rəng damarlarımızda dolaşan qan və ilahi qüvvə timsalında, bəzən də insana “dur” deyə bilmə gücü kimi sanki yaradıcı insan dünyasını özündə ehtiva edən enerjidir.

Bakıda Xəzəryanı respublikaların biennalesində (1988) iştirak edən Asim Rəsuloğlu bu mövzuda bir çox tablolar yaradıb. Onlardan biri “Xəzər dənizində gəzinti” adlı əsərdir. Küləklər şəhəri Bakının sakit dəmlərini kətana köçürən rəssam Xəzəri də həlim, şux və qüdrətli əks etdirməyə çalışıb. Abşeron torpağı ilə bütünləşən Xəzərin tünd çalarlı göy suları olduqca fantastik, nağılvarı təsvir olunub. Monumental rəngkarlıq təhsili almış rəssamın kompozisiyaya yanaşma tərzi unikaldır. Mistik atmosferə malik olan rəssamın palitrası Vasili Kandinskinin (1866-1944; abstraksionizmin banilərindən biri – red.)  rənglərini xatırladır. Asim Rəsuloğlunun intensiv kolorit həlli kompozisiyanın bədii gücünü artıran əsas nüanslardan biridir.

Professional dərs almasa da, fleytada ifa etməyi bacaran Asim Rəsuloğlu musiqi ilə rəssamlığın sintezini bir araya gətirən silsilə əsərlər də yaradıb. Rəssamın kompozisiyalarındakı fiqurların musiqi ilə vəhdəti tabloya romantika, gözəllik və lirika bəxş edir. Dünyaca məşhur olan italyan rəssam Mikelancelo deyirdi ki, yaxşı rəsm musiqidir, melodiyadır. Asim Rəsuloğlunun “Fleytanın aurası” əsərindən də zövqlü bir melodiya duyulur. Fleytanın səsi adətən şəffaf və güclü olur. Bu kompozisiyada da müəllifin duyğu və düşüncələri şəffaf, güclü şəkildə təsvir edilib. Usta sənətkar ruhu, daxili aləmi ilə sənəti arasında körpü kimi musiqini seçərək öz estetik zövqünü izləyicilərə təqdim edir.

Rəssamın dəfələrlə müraciət etdiyi mövzular arasında xüsusilə seçilən, iki dünyanı özündə ehtiva edən “Keçid” əsəri onun yaradıcılığının bədii-fəlsəfi tərəfini izləyicilərə təqdim edir. İlk baxışdan iki yolayrıcını izləyicilərə xatırladan əsərdə cənnət və cəhənnəmə açılan qapalı qapı təsvirini görürük. Hər iki qapının arasında xeyli məsafə var. Şux, tünd, parlaq rənglərin intensiv şəkildə işləndiyi bu tabloda rəssam bəşəriyyətə belə bir sual ünvanlayır: cənnətə getmək istəyirsən, yoxsa cəhənnəmə? Seçimi tamaşaçıya həvalə edən rəssam bəlkə də insanlara şüuraltı mesaj otürməkdədir.

Sənətkar ruhunun ən qanadlı çağında təşrif buyuran ilahi bir pıçıltı, yəni ilham pərisi yaradıcı adamların düşüncə axarına təsir edir. Asim Rəsuloğlu isə bu ilahi ovqatı öz individual üslubu ilə tamamlayaraq kətana köçürür. Təbin gəlməsi bir sənətkar üçün yeni bir yolun başlanğıcı, yeni bir müəmmanın kəşfi demək, bəlkə də ilahi bir pay qədər dəyərlidir. Bədii hisslərdən doğan enerjinin tünd çalarlı inikası Asim Rəsuloğlunun kompozisiya düzümü ilə bütünləşib. Abstrakt üslubda həll olunan “Sənətkar və ilham pərisi” əsəri forma orijinallığı ilə sənət əsərinin ən mühüm xüsusiyyətlərindən biridir.

Rəssamın bəzi əsərləri Moskvada – Tretyakov Qalereyasında və Rusiya Rəssamlar İttifaqında, Parisdəki Aleksandr Qalereyasında, eləcə də İlayda İncəsənət Qalereyasında və Orkun Ozan İncəsənət Qalereyasında (Türkiyə), Martin Lüter Kinq Kitabxanasında (Nyu-York), başqa xarici qalereyalarda və şəxsi kolleksiyalarda saxlanılır.

Hazırda Türkiyədə yaşayan Asim Rəsuloğlu bir müddət Akdəniz Universitetində (1999-2005) müəllim kimi fəaliyyət göstərməklə öz bilik və bacarıqlarını tələbələrinə həvəslə tədris edib. Vətənini xaricdə layiqincə təmsil edən rəssama sənət yolunda uğurlar arzulayırıq.

Könül Vəliyeva
Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi