Bütün nağıllar belə başlayır. Onların da nağılı eləcə başlamışdı. Sadəcə, aradan keçən 50 ildə itkini dadanadək. İndi onlardan – sadiq iki dostdan, teatr sevdalısından, sənət fədaisindən biri var, biri isə...

22 mart, saat 12:00. Salyan şəhəri, Salyan Dövlət Kukla Teatrının önü. Bakıdan gələn həmkar kollektivi – Azərbaycan Dövlət Kukla Teatrının əməkdaşlarını qonaqpərvərliklə qarşılayan salyanlı kuklaçılar və onlara qoşulan tamaşaçılar zala tələsirlər. Çoxluq içərisindən bir yaşlı kişi “Yaz girəndən təzyiqim oynayır. Tezdən durub iki dərman atdım. Təzyiqimə də dedim ki, sən nə eləsən də gedəcəm. Özünü yaxşı apar, Bakıdan həmkarlarım gəlib. Üstəlik, mən ilk addımlarımı o teatrda atmışam. Necə qulaqburması vermişəmsə, hələ siqnalı gəlmir”, – deyib əlini-əlinə vuraraq güldü. Yanındakılar ona qoşulub gülüşdülər.

Əməkdar artist, kuklaçı Mansur Mansurovun qızı, aktrisa Səriyyə Mansurovaya dönüb soruşuram: “Bayaq gördüm, o kişi ilə illərin həsrətlisi kimi görüşdünüz. Kimdi bu baməzə ağsaqqal?”.

Təbəssümü üzünü heç vaxt tərk etməyən Səriyyə xanım təəccüblə: “A, bəyəm tanımırsuz? Salyan Kukla Teatrının yaradıcılarından Cahangir əmidi də. Atamın gənclik dostu Cahangir Qaraşov”, – deyir.

Onun sonra dediklərini yaddaşımın bir küncünə sıxaraq milli teatrın 150 illiyi münasibətilə baş tutan bu görüş-səfərin ərməğan etdiyi “əla müsahib fürsəti”ni əldən verməyib Cahangir müəllimin yanında bənd alıram. Ayaqüstü söhbət edirik. Özü də onun da, mənim də çox sevdiyimiz məkanda – teatrın rekvizit otağında.

Bu yerdə həmsöhbətim haqqında qısa bir məlumat verim.

Cahangir Qaraşov 1945-ci ildə Salyan rayonunun Sarvan kəndində anadan olub. Bakı Kitabxanaçılıq Texnikumunun (indiki ADMİU nəzdində Humanitar Kollec) Mədəni-maarif fakültəsində təhsil alıb. 1965-ci ildə texnikumu bitirib rayona qayıdıb, Şorsulu kənd klubunda müdir işləyib. Sonra Bakıda – Azərbaycan Televiziya və Radio  Komitəsində rejissor köməkçisi, Azərbaycan Dövlət Kukla Teatrında aktyor kimi çalışıb.

1972-ci ildə yenə Salyana qayıdan C.Qaraşov rayon Mədəniyyət evində işləyir, burada kukla dərnəyi yaradır. Dərnək 1975-ci ildə Xalq teatrı statusu alır. Bu arada C.Qaraşov da ali təhsil alır, 1980-ci ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirərək doğma rayonunda aktyor və rejissor kimi fəaliyyətini davam etdirir. 1981-ci ildə İspaniyada keçirilən Ümumdünya folklor festivalında laureat adına layiq görülür, 1990-cı ildə Ukraynada, 1991-ci ildə Estoniyada keçirilən Azərbaycan mədəniyyəti ongünlüklərində iştirak edir. 1994-cü ildə isə illərin əməyini verdiyi Salyandakı Kukla teatrı dövlət statusu alır.

Cahangir Qaraşovun fədakar əməyi yüksək qiymətləndirilir, müxtəlif fəxri fərmanlarla təltif olunur, Əməkdar mədəniyyət işçisidir.

Cahangir müəllimi Bakı dövründən söhbətə tutdum. İstədim onun paytaxt nostalgiyasına baş vurum.

“1966-cı ildə Azərbaycan Dövlət Kukla Teatrında işə qəbul olundum. Onu deyim ki, teatra marağım uşaqlıqdan vardı. Rəhmətlik Qüdrət Səmədov (Sosialist Əməyi Qəhrəmanı, Sarvan kəndində kolxoz sədri olub – red.) kəndimizdə klub tikdi, bədii özfəaliyyət dərnəyi yaratdı. Ruhu şad olsun, Əvəz müəllim bizə sənətə sevgi yaratdı. İlahi, necə gözəl günlər idi. Tay-tuşlarımız çöl-bayırda danışıb-gülür, gəzib-dolanır, biz isə saatlarla o dərnəkdə məşqlər edir, özümüzü böyük aktyor hesab edərək xəyali şöhrəti dadırdıq. Bakıya İncəsənət İnstitutuna oxumağa gedəndə valideynlərim bilmədi. Qoymazdılar da. Atam artıq tələbə olduğumu biləndə hirslə “Artist olub, atılıb-düşəcəksən də camaatın qabağında”, – dedi. Elə pis olmuşdum bu sözə. Gənclik enerjisi ilə üsyan edərək “Ata, mən aktyor olacam, insanların obrazın yaradacam, artist yox”, – deyib qəhərləndim. İndiki kimi yadımdadı, atam da dinmədi. Hiss elədim, artist ilə aktyorun fərqli olduğuna inanmışdı (gülürük).

Qoy, yadımdaykən deyim, tələbə ikən Akademik Milli Dram Teatrında kütləvi səhnələrdə oynamışam. İndiki dövr də deyildi ki, gedib o böyük sənətkarlara yaxınlaşıb, şəkil çəkdirəsən. Təsəvvür edirsiz, Ələsgər Ələkbərov kimi nəhənglərin oynadığı dövrdə səhnədə idim. Həyəcandan bilmirdim nə edim”.

Bu məqamda akademik səhnədən kukla teatrına gedən yolundan danışırıq. Deyir, mən kuklaçı olmaq üçün yaranmışdım: “Anladım ki, akademik teatrda sıravi aktyor olmaqdansa, kuklaçı kimi çalışmaq yaxşıdı. Amma orada da uzun müddət qala bilmədim. Vətən çağırdı, Salyana qayıtdım”.

Paytaxtdan onu doğma Salyana sevgi ilə yanaşı həm də tələb gətirir. Əvvəl çox darıxsa da, Bakıdakı dostları “Nə var e Salyanda, gəl, sənin yerin buradır” desələr də, gənc aktyorun rayonunda böyük teatr işləri görmək arzusu üstün gəlir. Sonra ailə qurur, başı ev-eşiyə, qəsəbə klubuna, dərnəyə, həvəskarların teatrına qarışır və böyük şəhəri unudur. Elə müxtəlif obrazlar yaratmaq arzusunu da.

Söhbətin bundan sonrakı hissəsində gələn il yaranmasının 30 ilini qeyd edəcəyimiz Salyan Dövlət Kukla Teatrından danışdıq.

“Gördüyünüz Salyan Dövlət Kukla Teatrını dərnək kimi 1973-cü ildə yaratmışdıq. İki il sonra ona Xalq teatrı statusu verildi. Xeyli tamaşalar hazırladıq, Salyan və ətraf rayonları gəzdik. Hətta ölkədən kənarda da çıxışlarımız oldu. Əməyimiz bəhrəsini verdi və teatr 1994-cü ildə indiki statusunu aldı.

Yəqin soruşmaq istəyirsən ki, niyə Bakını qoyub Salyana qayıtdım. Rəhmətlik Xalq artisti Arif Quliyev tələbə yoldaşım olub. Hər rayonumuza gələndə mənə “Bakıda qalsaydın, Xalq artisti olardın” deyirdi. Mən də, kefimi pozmadan “Nə olar, mən də Salyan artistiyəm”, – deyirdim. Gülürdük. Ruhu şad olsun, haqlı idi. Amma mən sənət taleyimlə razıyam. Hə, bir də mən, sən, o, bölgəyə, rayonlara qayıtmasa, burada vəziyyət necə olar?

1973-cü ildə kukla dərnəyində ilk tamaşamız da “Artıq tamah baş yarar” (Ə.Səmədli) oldu. Maraqla qarşılandı. Allah sənə rəhmət eləsin, ay Əli. Necə sevinirdik. Artıq buralarda hamı bizi tanıyırdı...”.

Hə, söhbətin bundan sonrası bayaqkı “biri vardı, biri yox”un təəssüf ki, artıq olmayanı – Cahangir müəllimin əvəzsiz dostu, Salyanda kukla teatrının, ümumən mədəni mühitin formalaşmasında böyük əməyi olan Əlizadə Əliyev haqqında olacaq.

“Əlizadə onda Mədəniyyət evində metodist işləyirdi. Tamaşaların 4-5 obrazını ikimiz oynayırdıq. Kuklaları da Bakıdan, Dövlət Kukla Teatrından gətirirdik. Ümumən onlar bizə repertuardan çıxan tamaşalarının kuklalarını verir, biz də onlardan tamaşalar qururduq. Əlizadəylə gecə-gündüz repertuar üzərində çalışmağa, kənd-kənd gəzib tamaşalar göstərməyə başladıq. Çox çətin idi. Şərait yoxuydu. Amma qəribə bir həvəs vardı bizdə. Həvəskarlar da ətrafımıza toplandı. İndi bu teatrda çalışan yaşlı nəslin çoxu bizim o dərnəkdə olub. Sonrasını bilirsiz. Bizim tamaşalar rəğbətlə qarşılandı və nazirlik bizə dövlət statusu verdi. Əlizadə direktor oldu, mən baş rejissor. Amma yenə də, necə deyərlər, teatrın nökəri olduq. Özü də sevə-sevə. İndi gördüyünüz bu bina Mədəniyyət evinin binası idi. Bizə də bir otaq verdilər. Şərait olmasa da həvəs, istək dəhşət idi. İki dost əl-ələ verərək işlədik. Kukla teatrından əlavə folklor qrupu, başqa dərnəklər də yaratdıq. Salyan deyəndə ilk yada düşənlər biz ikili idik. Sadiq dostum sonra məni tək qoyub getdi. Bir kiçik oğlumun vaxtsız ölümü (Cahangir müəllim Birinci Qarabağ müharibəsi şəhidi Nail Qaraşovun atasıdır), bir də onun itkisi ilə heç barışa bilmirəm...”.

Gözləri bulaq kimi qaynasa da, özünə toxtaqlıq verərək “Qoca kişiyəm, məni kövrəltmə, dur, gedək görək bakılı kuklaçılar nə gətirib”, – deyib ayağa qalxdı. Foyedəki lövhəni qırışlı əli ilə göstərərək “Bax, Əli ilə şəklimi cüt asıblar” dedi. Bizim nağılımız da belə başlamışdı”, – deyib artıq üçüncü zəngi vurulan tamaşa salonuna tələsdi...

Həmidə Nizamiqızı
Salyan-Bakı