Sumqayıt şəhər S.Rüstəmov adına 3 nömrəli Uşaq incəsənət məktəbi Fortepiano şöbəsinin şagirdi Banu Əliyeva İspaniyada onlayn formatda keçirilən “World art games” beynəlxalq müsabiqəsində I yerə layiq görülərək diplomla mükafatlandırılıb. Şagirdi müsabiqəyə müəlliməsi Rəna Salayeva hazırlayıb.

***

Goranboy rayon MKS-nin şəhər kitabxana filialı Heydər Əliyev Mərkəzində Aşıq Şəmşirin (1893-1980) anadan olmasının 130 illiyi münasibətilə “Dədə Şəmşir yaddaşlarda” adlı tədbir təşkil edib. Çıxış edənlər Azərbaycan aşıq sənəti haqqında məlumat verib, Aşıq Şəmşirin həyat və yaradıcılığından söz açıblar.

***

Masallı rayon Mərkəzi Kitabxanasında “Təhsil sistemi dövlətin inkişaf konsepsiyasıdır” mövzusunda tədbir keçirilib. Qeyd olunub ki, qloballaşan dünyanın çağırışlarına uyğun olaraq ölkəmizdə təhsil sisteminin yüksək səviyyəyə qaldırılması, təhsilin modernləşdirilməsi dövlətimizin başlıca hədəflərindəndir. Bu baxımdan Prezident İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” böyük əhəmiyyət daşıyır.

N.Məmmədli