Özbək tərəfi bu sahədə ölkəmizlə daha sıx əlaqələr qurmaq istəyir

 

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Özbəkistanın Kinematoqrafiya Agentliyinin baş direktoru Firdavs Abduhalikovla görüşüb. Görüşdə Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu Daşkənd filialının direktoru Eldor Yuldaşev, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, səfirliyin birinci katibi Samir Abbasov da iştirak ediblər.

Söhbət zamanı Azərbaycan və Özbəkistan arasında kino sahəsində əməkdaşlıq, təcrübə mübadiləsi, “İpək Yolunun incisi” Daşkənd Beynəlxalq Kino Festivalında Azərbaycanın daha geniş təmsil olunması məsələləri müzakirə olunub.

Firdavs Abduhalikov Özbəkistanda kino sahəsində həyata keçirilən işlər və islahatlardan danışıb, 1968-ci ildə əsası qoyulmuş və uzun illər fəaliyyət göstərmiş Daşkənd Beynəlxalq Kino Festivalının müəyyən fasilədən sonra 2021-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə bərpa edildiyini vurğulayıb. Qeyd edib ki, 2022-ci ildə festivala 40 xarici ölkə qatılıb. 2023-cü ildə XV Beynəlxalq Daşkənd Film Festivalının daha geniş səviyyədə təşkili planlaşdırılır.

Baş direktor ölkəmizlə əməkdaşlıqdan da danışıb, Özbəkistanda Azərbaycanın, Azərbaycanda isə Özbəkistanın kino günlərinin uğurla keçdiyini vurğulayaraq, gələcəkdə daha sıx əlaqələr üçün yaxşı imkan yarandığını söyləyib.

Hüseyn Quliyev Özbəkistanla Azərbaycan arasında çoxsahəli tərəfdaşlıq münasibətlərində kino sahəsində də əməkdaşlığın mühüm olduğunu vurğulayıb, səfirliyin birgə layihələrin həyata keçirilməsinə bundan sonra da dəstək göstərməyə hazır olduğunu deyib.

Bu ilin sentyabr ayında Azərbaycan kinematoqrafçılarının XV Daşkənd Beynəlxalq Kino Festivalında iştirakının təmin edilməsi, festivala təqdim olunacaq Azərbaycan filmlərinin dublyajı, retro fimlərimizin nümayişi, festival çərçivəsində Azərbaycan kino günlərinin keçirilməsi, qarşılıqlı olaraq hər iki ölkənin televiziya kanallarında bədii filmlərin nümayişi, filmlərin qarşılıqlı mübadiləsi, ötən il Bakıda keçirilən Özbəkistan kino günlərində nümayiş etdirilən “Əbədi dostluq və qardaşlıq” sənədli filminin ikinci hissəsinin çəkilişinə dəstək barədə ümumi razılığa gəlinib.

Görüşün sonunda Firdavs Abduhalikov səfirə “Özbəkistan kinematoqrafiyası” kitabını, Hüseyn Quliyev isə baş direktora “Qarabağ işğaldan əvvəl və sonra” kitabını hədiyyə edib.

Qonaqlar üçün “Özbəkfilm” pavilyonlarına ekskursiya təşkil olunub. Burada yaradılan şərait, müxtəlif tarixi filmlərin çəkilişi üçün istifadə edilən dekorasiya və avadanlıqlarla tanışlıq olub.