Bölgələrdə “Heydər Əliyev İli” ilə bağlı tədbirlər davam edir

 

Sabirabad rayon Mədəniyyət Mərkəzində “Yaddaşlarda yaşayan lider” adlı tədbir təşkil edilib. Çıxışlarda dahi şəxsiyyətin siyasi iradəsi, uzaqgörənliyi nəticəsində mədəniyyət sahəsində böyük nailiyyətlərin əldə olunmasından bəhs edilib.

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Dahi lider” sənədli filmi nümayiş olunub. Filmi Hacıqabul şəhər 10 saylı tam orta məktəbin bir qrup müəllim və şagirdi izləyib.

***

Göygöl rayon Mədəniyyət Mərkəzinin tabeliyindəki Çaylı, Pənahlılar, Dozular kənd folklor evlərinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Dozular kəndində ağacəkmə aksiyası keçirilib. Aksiyada 60-dan çox meyvə ağacı əkilib.

***

Cəlilabad Dövlət Rəsm Qalereyasında Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş rəsm sərgisi təşkil edilib. Sərgidə qalereyanın dərnək üzvlərinin və şagirdlərin Ulu öndərə həsr olunmuş rəsmləri, həmçinin fotolar nümayiş olunub.

Yardımlı rayon Heydər Əliyev Mərkəzində “Örnək ömrün anları” adlı tədbir keçirilib. Çıxış edənlər Ulu öndərin hər bir vətəndaşımıza örnək olacaq addımlarından, onun Azərbaycan dövləti və xalqı üçün misilsiz xidmətlərindən söhbət açıblar. Sonda tədbir iştirakçıları “Unudulmaz dahi” adlı sərgi və mərkəzdəki eksponatlarla tanış olublar.

***

Zaqatala rayon Heydər Əliyev Mərkəzində keçirilən konfransda qeyd olunub ki, Ulu öndər müstəqil dövlətimizi qurmaq və onun gələcək inkişafının sağlam təməlini qoymaqla yanaşı, ölkə vətəndaşlarını səfərbər edən, xalqımızı vahid amal, əqidə, məqsəd ətrafında birləşdirən milli təlim – azərbaycançılıq ideologiyasını yaradıb.

“Heydər Əliyev İli” münasibətilə Qax şəhərində də konfrans keçirilib. Qeyd olunub ki, Ulu öndər Azərbaycan mədəniyyətinin, elminin inkişafını, tarixi-mədəni və milli-mənəvi dəyərlərimizin qorunmasını, ordu quruculuğunu həmişə diqqətdə saxlayıb. Tədbir iştirakçıları sonda Ümummilli liderə həsr olunmuş ədəbi-bədii kompozisiyanı izləyiblər.

***

Ağdam rayon Heydər Əliyev Mərkəzində keçirilən konfransda isə Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə veteran təşkilatlarının yaradılması və fəaliyyətinin təşviqi, 1994-cü ildə “Veteranlar haqqında” qanununun qəbul edilməsi, veteranlara dövlət qayğısının artırılması, müharibə, əmək və silahlı qüvvələr veteranlarının təşkilatlanmasından söz açılıb. Ulu öndərin ordu quruculuğundakı xidmətlərindən bəhs edən videoçarx nümayiş olunub.

***

Naxçıvan Dövlət Filarmoniyasının Ordubad rayon Mədəniyyət Sarayında Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib. Konsert Ulu öndərin vaxtilə sevə-sevə dinlədiyi Ələkbər Tağıyevin “El yolunda” mahnısı ilə başlanıb. Sonra “Küçələrə su səpmişəm”, “Sevinc mahnısı”, “Ordubad”, “O Naxçıvandır”, “Yaşa, mənim xalqım”, “Min yaşasın”, “Ey Vətən oğlu” mahnıları  və rəqslər tamaşaçılarda xoş ovqat yaradıb.

***

Xaçmaz RMİ-nin Quba rayonu üzrə nümayəndəliyi, Quba Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Şimal regional mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib. Çıxışlarda Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə bu sahədə qəbul edilmiş dövlət proqramları barədə məlumat verilib. Qeyd olunub ki, qanunun aliliyi, insan hüquqları və sosial ədalət kimi fundamental əsaslara söykənən siyasət bu gün də davam etdirilir. Mövzu ətrafında müzakirələr aparılıb.

Nurəddin Məmmədli