Bu günlər tariximizin qan yaddaşı, 1918-ci il soyqırımının 105-ci ildönümü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksi əsas ziyarət məkanlarından biridir.

Bu, 1918-ci ildə azərbaycanlıların soyqırımı tarixinə həsr edilən ilk muzeydir. Buradakı ekspozisiyada təkcə Quba qəzasında deyil, Bakı quberniyasının digər – Cavad, Göyçay, Şamaxı və Bakı qəzalarında törədilmiş soyqırımları haqqında ətraflı məlumat əks olunub.

Quba Soyqırımı Memorial Kompleksi fəaliyyətə başladığı 2013-cü ildən indiyə kimi ümumilikdə 1 milyondan çox ziyarətçi qəbul edib. Onlardan 178 min nəfəri əcnəbilərdir. Onların arasında turistlər, yüksək səviyyəli nümayəndə heyətləri, respublikamızda olan xarici ölkələrin səfirləri və səfirlik əməkdaşları da var. Kompleksə gələn ziyarətçilər ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılırlar. Ziyarətçilərə kompleksin bələdçiləri tərəfindən 4 dildə (Azərbaycan, ingilis, rus və ərəb) informasiyalar verilir.

Tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova bildirib ki, 1918-ci ilin mart hadisələri zamanı təkcə Quba qəzasının 167 kəndi tamamilə dağıdılıb. Bu kəndlər, Quba şəhəri talanlara və yanğınlara məruz qalıb, qəzada müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə öldürülüb. Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb.

Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir və 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. 2007-ci ilin iyulundan etibarən AMEA-nın Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işlərinə başlanılıb, 2008-ci ilin sentyabrında tədqiqat işləri başa çatdırılıb. Məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu təsdiqlənib. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir. Müəyyən edilib ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb.

Ərazidə yaradılmış Quba Soyqırımı Memorial Kompleksinin 2013-cü il sentyabrın 18-də açılışı olub. Həmin mərasimdə çıxış edən Prezident İlham Əliyev deyib: “Sovet dövründə təbii ki, tarix təhrif edildiyi üçün bu həqiqətlər bizdən gizlədilirdi. Uzun illər Azərbaycan xalqının qanını axıdan quldurlar, - onların da mənfur adları orada göstərilir, - Şaumyan və onun kimiləri bizə qəhrəmanlar kimi təqdim edilirdi...Yalnız müstəqillik dövründə biz həqiqi ədaləti bərpa etdik. Biz bu gün öz tariximizə qayıdırıq. Tarixin bütün məqamlarını bilirik, bilməliyik. Gənc nəsil də bilməlidir ki, xalqımız keçmişdə hansı fəlakətlərlə üz-üzə qalmışdır”.