Səslənən təkliflər mədəniyyətlə bağlı strategiyanın tədbirlər planında nəzərə alınacaq

 

Xəbər verdiyimiz kimi, Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində 10-11 aprel 2023-cü il tarixlərində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin iştirakı ilə “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu keçiriləcək.

Forumun rəsmi açılış mərasimi aprelin 10-da Heydər Əliyev Mərkəzində olacaq.

Tədbirdə 150 illik tarixi olan Azərbaycan peşəkar milli teatrının keçdiyi inkişaf yolundan bəhs edən videoçarx nümayiş olunacaq, sonra forum öz işinə panel müzakirələrlə davam edəcək. Panel müzakirələri “Azərbaycan teatrında ənənələr və trendlər”, ”Milli teatrda müasir aktyor məktəbi: yenilənmə prosesində sistemli yanaşma”, ”Konsepsiya və strateji hədəflər”, ”Teatr sahəsində insan kapitalının inkişafı” mövzularına həsr olunub.

Ekspert kimi dəvət edilən Rusiya Teatr Sənəti İnstitutunun (GİTİS) rektoru, Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi Qriqori Zaslavskinin və GİTİS-in kafedra müdiri, prodüser Elşən Məmmədovun çıxışları tədbirin proqramına daxil edilib.

Forum müddətində aparılan fikir mübadiləsi və müzakirələr əsasında toplanan təkliflər “Azərbaycan mədəniyyəti 2020-2040 Dövlət Strategiyası” ilə bağlı tərtib edilən tədbirlər planında nəzərə alınacaq.

Forumda respublikanın tanınmış teatr xadimləri, rejissor və aktyorları, paytaxtda və bölgələrdə fəaliyyət göstərən teatrların rəhbər və yaradıcı kollektivləri, xalq teatrları və müstəqil teatrların nümayəndələri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələrinin iştirakı nəzərdə tutulub.

Heydər Əliyev Mərkəzində gerçəkləşəcək forumda iştirak üçün nazirliyin rəsmi internet saytında (“culture.gov.az”) yerləşdirilən onlayn forma üzrə qeydiyyatdan keçmək mümkündür. Tədbirdə iştirakla bağlı təsdiq e-poçt vasitəsilə bildiriləcək.

Qeyd edək ki, Azərbaycanda belə bir geniş tematikada ilk dəfə teatr forumu təşkil edilir.

Bundan öncə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı” çərçivəsində   Bakıda beynəlxalq teatr konfransları (2010, 2012, 2014, 2016, 2018) keçirilib.