31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasında Sumqayıt Dövlət Dram Teatrı və Sumqayıt Dövlət Rəsm Qalereyası ilə birgə layihə keçirilib.

Öncə şəxsi heyət və qonaqlar Azərbaycanın milli mücadilə yolunu əks etdirən rəsm sərgisi ilə tanış olublar.

Akademiya rəisinin şəxsi heyətlə iş üzrə müavini polkovnik Tural Kərimli və yazıçı Hafiz Ataxanlı istiqlal tariximizin önəmli səhifələri, zaman-zaman xalqımızın başına gətirilən balalar, 1918-ci ilin mart qırğını barədə danışıblar.

Sonra Hafiz Ataxanlının müəllifi olduğu vətənpərvərlik mövzulu “Missiya” tamaşası nümayiş olunub.

Səhnə işinin quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Rollarda Əməkdar artist Rauf Ağakişiyev, aktyorlar Oktay Mehdiyev, Şəmistan Süleymanlı, Habil Xanlarov, Dağlar Rüstəmov, Yalçın Səlimov, Aynur Hümmətova, Ceyhun Məhərrəmov, Rövşən Əsgərov, Etibar Əmirov, Rövşad İlyasov və Ramazan Xanlarov çıxış edirlər.

Nümayişdən sonra DSX Akademiyasının rəisi general-mayor Azər İbrahimov Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyətinə minnətdarlığını bildirib və layihə iştirakçılarının bir qrupuna fəxri fərman təqdim edib.