Dünyada turizm üzrə böyük platformalardan olan “Tripadvisor” saytı Bakı şəhərini səyahət üçün üstünlük verilən trend məkanlar siyahısına daxil edib.

Dövlət Turizm Agentliyinin məlumatına görə, platforma tərəfindən tərtib edilmiş siyahı 2022-ci il ərzində sayt istifadəçilərinin axtarış və maraqlarına əsaslanır. Saytın “Dünya üzrə trend məkanlar” bölməsində dünyanın 25 fərqli ölkəsinin şəhərləri qeyd olunub. Siyahıda Azərbaycan paytaxtı 8-ci sıradadır.

İlk onluqda 2021-ci illə müqayisədə 2022-ci ildə ən çox axtarış edilən ölkələr yer alıb.

Qeyd edək ki, “Tripadvisor” turistlər üçün maraqlı məkanları, ən yaxşı hotelləri, yemək üçün uyğun yerləri tövsiyə edir. Hər ay 460 milyondan çox səyahətçiyə xidmət göstərən platformada ziyarətçilər məkanlarla bağlı istifadəçi şərhlərini oxuya və tövsiyələrə uyğun seçimlərini edə bilirlər. Saytda 8,6 milyon yerləşmə vasitəsi, restoran, hava yolları və gəmi səyahəti haqqında 859 milyondan çox istifadəçi rəyi mövcuddur.