Azərbaycanlıların Soyqırımı Günü münasibətilə martın 31-də Hüseyn Cavidin Ev-Muzeyində “Erməni terroru muzey fondlarında” mövzusunda elmi sessiya keçirilib.

Muzeyin direktoru filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlı tədbiri açaraq erməni-daşnak silahlı birləşmələrinin 1918-ci ilin martında Bakıda, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın başqa bölgələrində xalqımıza qarşı törətdiyi soyqırımından bəhs edib.

Bildirib ki, bu genosid aktına ilk dəfə Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla dövlət səviyyəsində siyasi qiymət verilib. 1918-1920-ci illər mətbuatını vərəqlədikcə, Xalq Cümhuriyyəti dövründə yaradılmış Fövqəladə İstintaq Komissiyasının protokollarını öyrəndikcə xalqımıza qarşı törədilən cinayətin miqyasını görür və insan cildli iblislərin vəhşiliyinin şahidi oluruq. Biz bu tarixi heç vaxt unutmamalıyıq.

G.Babaxanlı qeyd edib ki, 1918-ci ilin mart ayında daşnakların törətdiyi bu faciələr zamanı ölüm təhlükəsi ilə üz-üzə qalanlardan biri də dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavid olub. Qaniçən cəlladlar Hüseyn Cavidi və onunla bərabər Bakıdakı “Təbriz” mehmanxanasında yaşayan digər insanları oradan silah gücünə çıxarıb və yol boyu bu insanlardan əksəriyyətini güllələyiblər. Hüseyn Cavid isə təsadüf nəticəsində ölümün pəncəsindən qurtula bilib.

Elmi sessiya məruzələrlə öz işini davam etdirib. Məruzəçilər muzeyin fondunda mühafizə olunan materiallar, mətbuat nümunələri və tədqiqatlar əsasında ermənilərin tarixən xalqımıza qarşı həyata keçirdikləri soyqırımlarından söz açıblar.

Sonda muzey əməkdaşları tərəfindən mövzu ilə bağlı hazırlanan kitab və sənədlərdən ibarət sərgiyə baxış keçirilib.