Milli Kitabxanada “31 mart soyqırımını unutmadıq” adlı tədbir, kitab sərgisinin və elektron məlumat bazasının təqdimatı keçirilib.

Tədbirdə qeyd edilib ki, son iki yüz ildə Azərbaycan tarixinə şanlı səhifələrlə yanaşı, faciələr və müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında erməni silahlı dəstələri tərəfindən on minlərlə azərbaycanlının qətlə yetirilməsidir. 1918-ci il soyqırımları miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli fərmanı ilə 1918-ci ilin mart soyqırımına hüquqi-siyasi qiymət verilib.

Tədbir zamanı Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan ”31 Mart Azərbaycanlıların soyqırımı günü” adlı elektron məlumat bazası nümayiş olunub. Link: http://anl.az/soyqirim/

Elektron məlumat bazası “Unudulmaz faciə”, “Rəsmi sənədlər”, “Görkəmli şəxslər Mart soyqırımı haqqında”, “Hadisələrin gedişi”, “Siyasi-hüquqi qiymətləndirmə”, “Kütləvi repressiyaların qanlı tarixi”, “Kitablar”, “Məqalələr”, “Filmoqrafiya”, “Soyqırımı yaddaşlarda” adlı bölmələrdən ibarətdir.

Tədbir iştirakçıları “31 mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı sərgi ilə tanış olublar.