Bakı Xoreoqrafiya Akademiyasında (BXA) 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş anım tədbiri keçirilib. Tədbirdə BXA-nın rəhbərliyi, müəllim-tələbə heyəti iştirak edib.

İştirakçılar akademiyanın foyesində BXA-nın tam orta təhsil pilləsi şagirdlərinin 1918-ci ilin mart soyqırımına həsr olunmuş rəsmləri və bu mövzu ilə bağlı kitablardan ibarət kitab sərgi ilə tanış olublar.

Tədbirdə əvvəlcə Dövlət Himni səslənib və soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edilib ki, daşnak-bolşevik qüvvələrinin 1918-ci ilin martında azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlar tariximizin ən qanlı səhifələrindən biridir. Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla bu hadisələrə tarixi-siyasi qiymət verilib, 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Şagirdlər tərəfindən soyqırımına həsr olunmuş tarixi materiallar səsləndirilib, şeir nümunələri ifa olunub və hüznlü “Aman ayrılıq” həzin rəqs kompozisiyası nümayiş etdirilib.

Sonra 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı zamanı Bakı şəhərində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə erməni daşnaklarının törətdiyi qanlı qırğınlar, soyqırımı nəticəsində qətlə yetirilən on minlərlə azərbaycanlıların acı aqibətini əks etdirən videoçarx təqdim olunub.