Azərbaycan

 

5 aprel 1909 – Tanınmış bəstəkar Asəf Zeynalabdin oğlu Zeynallı (1909 – 27.10.1932) Şuşada doğulub. Musiqi tariximizdə yeni janrların yaradıcısı, simfonik, kamera-vokal və instrumental əsərlərin, uşaqlar üçün ilk musiqi əsərinin (“Uşaq süitası”)  müəllifidir. Xalq mahnılarını nota köçürüb.

5 aprel 1929 – Xalq artisti, pianoçu Çingiz Hacı oğlu Sadıxov (1929 – 30.12.2017) Bakıda anadan olub. Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi məşhur vokalçıları müşayiət edib. “Azkonsert”in bədii rəhbəri olub. 1994-cü ildən ABŞ-da yaşayıb və orada dünyasını dəyişib. Bakıda dəfn olunub.

5 aprel 1940 – Şair, nasir, ədəbiyyatşünas Arif Əbdürrəhman oğlu Abdullazadə (1940-2002) Şəkidə anadan olub.

5 aprel 1941 – Bəstəkar, pedaqoq, Əməkdar incəsənət xadimi, Əməkdar müəllim Oqtay Məmmədağa oğlu Rəcəbov (1941 – 15.12.2022) Bakıda anadan olub. “Göyçək Fatma”, “Xeyir və Şər” uşaq operaları, musiqili komediya və s. əsərlərin müəllifidir. Filmlərə musiqi yazıb.

5 aprel 1947 – Xalq artisti, rejissor Vaqif Firudin oğlu Əsədov (1947 – 19.5.2022) Naxçıvanda anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında işləyib. 1989-cu ildən Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərib.

5 aprel 2021 – Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseyn oğlu Hüseynov (14.11.1944 – 2021) vəfat edib.

 

6 aprel 1935 – Əməkdar mədəniyyət işçisi, aşıq Şərbət Fətiyev (1935-2016) Şamaxıda doğulub.

6 aprel 1939 – Xalq artisti, kinorejissor, ssenarist, yazıçı, professor Tofiq Hüseyn oğlu İsmayılov (1939 – 25.3.2016) Bakıda anadan olub. Filmləri: “Gilas ağacı”, “Mən mahnı qoşuram”, “Musiqi müəllimi”, “Əzablı yollar”, “Vulkana doğru”, “Oxuyur Müslüm Maqomayev” və s.

6 aprel 2021 – Əməkdar incəsənət xadimi, tarzən, Azərbaycan Milli Konservatoriyasının professoru Oqtay Süleyman oğlu Quliyev (22.9.1938 – 2021) vəfat edib.

6 aprel 2021 – Əməkdar mədəniyyət işçisi, teatr xadimi Həsən Nəsib oğlu Həsənov (7.7.1950 – 2021) vəfat edib.

 

7 aprel 1906 – Azərbaycanın ilk satirik nəşri olan “Molla Nəsrəddin” jurnalının birinci sayı çapdan çıxıb. Cəlil Məmmədquluzadənin redaktoru olduğu jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. Jurnalda Ö.F.Nemanzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi, M.S.Ordubadi, Ə.Əzimzadə və başqaları fəaliyyət göstərirdi.

7 aprel 1930 – Tanınmış jurnalist, mədəniyyət xadimi Azad Ağakərim oğlu Şərifov (1930 – 24.12.2009) anadan olub. Azərbaycan Dövlət Kinematoqrafiya Komitəsinin sədri, “Azərinform”un (indiki AZƏRTAC) direktoru işləyib.

 

Dünya

 

5 aprel 1588 – İngilis filosofu Tomas Hobbs (Thomas Hobbes; 1588-1679) anadan olub.

5 aprel 1900 – Amerika aktyoru, “Oskar” mükafatçısı Spenser Treysi (Spencer Tracy; 1900-1967) anadan olub.

5 aprel 1945 – Türk bəstəkarı və müğənnisi, türk rok musiqisinin yaradıcılarından biri Cem (Muxtar) Karaca (1945 – 8.2.2004) anadan olub.

 

6 aprel 1826 – Fransız rəssamı, simvolizmin nümayəndəsi Qustav Moro (Gustave Moreau; 1826-1898) anadan olub. Əsərləri: “Edip və Sfinks”, “Yupiter” və s.

6 aprel 1929 – Alman əsilli Amerika bəstəkarı və dirijoru Andre Previn (Andreas Ludwig Priwin; 1929-2019) anadan olub. Film musiqilərinə görə 4 dəfə “Oskar” mükafatı qazanıb.

 

7 aprel 1883 – İtaliya rəssamı və heykəltəraşı, futurizm cərəyanının banilərindən biri Cino Severini (1883-1966) anadan olub.

7 aprel 1889 – Çili şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1945) laureatı Qabriela Mistral (Gabriela Mistral – əsl adı Lucila Godoy Alcayaga; 1889-1957) anadan olub.

Hazırladı: V.Orxan