Düşmən tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda apardığımız mübarizə salnaməsində 2016-cı ilin Aprel döyüşləri xüsusi yer tutur. Dörd gün (2-5 aprel) davam edən həmin döyüşlərdə Cəbrayıl rayonu ərazisindəki Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi ilə Cocuq Mərcanlı kəndi sakinlərinin doğma yurda qayıdışı gerçəkləşdi. Bu, Qarabağa Böyük Qayıdışın ilk müjdəsi idi.

Aprel döyüşlərinin 7-ci ildönümündə dördgünlük müharibənin şəhid baş leytenantı Cavid Dədəkişiyevi yada salırıq.

Cavid Gülbaba oğlu Dədəkişiyev 1988-ci il iyulun 5-də İmişli rayonunun Qaralar kəndində anadan olub. Cavidin uşaqlıq arzusu hərbçi olmaq idi. Bu arzu ilə o, 2006-cı ildə orta məktəbi bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2009-cu ildə leytenant rütbəsi ilə Naftalandakı N saylı hərbi hissədə xidmətə başlayıb.

2016-cı il aprelin 2-nə keçən gecə Ermənistan silahlı qüvvələri genişmiqyaslı hərbi təxribatlar törədib. Yüksək döyüş hazırlıqlı hərbi birləşmələrimiz düşmənə layiqli cavab vermək üçün əks-həmlə əməliyyatına başlayıb. Tərtər, Cəbrayıl və Füzuli rayonları istiqamətində şiddətli döyüşlər olub. Ordumuz düşmənə sarsıdıcı zərbələr endirib. Hərbi əməliyyatlarda Cavid Dədəkişiyev də yaxından iştirak edib, Tərtər rayonunun Talış kəndi istiqamətində vuruşub. O, düşmənin çoxlu sayda canlı qüvvəsini məhv edərək qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Cavidin evin böyük övladı olduğunu söyləyən atası Gülbaba Dədəkişiyev hər gün onun gəlişini gözlədiyini bildirir: “Mən gəncliyimdə özüm də hərbçi olmaq istəmişdim. Amma ağır ailə vəziyyətinə görə bu istəyim gerçəkləşmədi. Mənim arzuladığım yolu Cavid davam etdirdi. Cavidlə bağlı arzularımız böyük idi. Sonuncu dəfə onunla danışanda nəsə səsi xoşuma gəlmədi. Dedi ki, 5-10 günə məzuniyyətə gələcək. Fikrimiz var idi ki, onun üçün toy edək. Hər dəfə bu mövzudan söz salanda deyirdi ki, Qarabağ alınandan sonra toy edəcək. Şəhid olandan sonra bildim ki, istədiyi qız var imiş”.

Anası Zülfiyyə Dədəkişiyeva bildirir ki, Cavid çox mehriban, qayğıkeş, vətənpərvər və savadlı oğlan idi: “O, yanımda olanda bütün kədərimi, dərdimi unudurdum. Bir oğul anası kimi mən də Cavidin toyunu görmək istəyirdim. Ancaq həmişə evlənmək adı gələndə deyirdi ki, “mənim ailəm Vətəndir, mənim övladlarım əsgərlərimdir”. İndi tək bir təsəllim var ki, Cavidin və şəhidlərimizin qanı yerdə qalmadı. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Şəhidin təhsil aldığı Qaralar kənd tam orta məktəbinin direktoru Xeyri Həsənli Cavidlə bağlı xatirələrini dilə gətirir: “Cavid çox savadlı oğlan idi. Orta məktəbi bitirən zaman mən ondan “nəyə görə hərbçi olmaq istəyirsən?” – deyə soruşanda Cavidin cavabı belə oldu: “O şanlı formanı geyinməyi çox istəyirəm”. Hərbi məktəbdə oxuyarkən kursant kimi çəkdirdiyi ilk şəklini mənə gətirdi. Cavid həyatda çox ciddi insan idi. Ancaq o mənim yuxularıma həmişə gülümsəyərək girir...”.

Bəli, Cavidin və Aprel döyüşlərində şəhid olan digər qəhrəmanlarımızın qanı yerdə qalmadı. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində qüdrətli Ordumuz Aprel şəhidlərinin qisasını aldı, əzəli yurd yerlərimiz işğaldan azad olundu. İndi Cavidin və onun şəhid silahdaşlarının ruhu şaddır.

Cavid Dədəkişiyev aprelin 11-də doğulduğu Qaralar kənd qəbiristanlığında torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamı ilə ölümündən sonra “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.

Allah rəhmət eləsin.

Nurəddin Məmmədli