Özbəkistan sənətçilərinin ifasında “Sevgimizin səması” adlı konsert

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Daşkənddəki Dövlət Konservatoriyasının böyük zalında dahi Azərbaycan bəstəkarı Fikrət Əmirova həsr olunmuş “Sevgimizin səması” adlı simfonik konsert keçirilib.

Əvvəlcə konsertin rejissoru Özbəkistanın Əməkdar incəsənət xadimi Andrey Slonim Fikrət Əmirovun yaradıcılığından danışıb, onun irsinin musiqi sənəti üçün milli sərvət olduğunu qeyd edib. Rejissor Fikrət Əmirovun simfonik muğam janrının əsasını qoyduğunu, bütün dünyada şöhrət qazanmış əsərləri yaratdığını vurğulayaraq, Azərbaycan Mədəniyyət Mərkəzinə konsertin keçirilməsində göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

Proqram Fikrət Əmirovun “Şur” simfonik muğamı ilə başlayıb. Konsertdə beynəlxalq müsabiqələr laureatı Bobomurod Xudoykulovun rəhbərliyi ilə Özbəkistan Dövlət Konservatoriyası nəzdindəki teatr-studiyasının simfonik orkestrinin ifasında Fikrət Əmirova şöhrət gətirən əsərlər ifa olunub.

Gecənin əsas kompozisiyası bəstəkarın “Fortepiano və orkestr üçün ərəb mövzuları əsasında konsert”i olub. Solo hissəni Özbəkistanın Əməkdar artisti Adiba Şaripova ifa edib. Onun zəngin ifaçılıq palitrası orkestrlə birlikdə Şərqin böyük mədəniyyətinin rəngarəngliyini əks etdirən Fikrət Əmirov musiqisinin möhtəşəmliyini nümayiş etdirib.

Qeyd edək ki, tamaşaçılara səsləndirilən hər bir musiqi əsərinə uyğun səhnələrdən ibarət videoçarxlar təqdim olunub.

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, mədəniyyət və incəsənət xadimləri, Daşkənddəki ali məktəblərin müəllim və tələbə heyətinin maraqla izlədiyi konsert alqışlarla qarşılanıb.