Aprelin 4-də Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyi, Azərbaycan Gənclər Fondu və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi, Azərbaycan Televiziyasının media tərəfdaşlığı, “Böyük Qayıdış” Gənclər Təşkilatı və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin (2016) ildönümünə həsr olunmuş “Ümid günəşi” adlı ədəbi-bədii gecə keçirilib.

Ədəbi-bədii gecədə çıxış edən Aprel döyüşləri şəhidi, “Murov qartalı” ləqəbli polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alıyeva 2016-cı ilin aprelində Azərbaycan Ordusunun başlatdığı dördgünlük yolun 2020-ci ildə 44 günlük Vətən müharibəsinə qədər uzandığını və Şuşada böyük Zəfərlə bitdiyini deyib: “Aprel döyüşləri qəhrəmanlarının açdığı cığır ilə irəliləyən oğullarımız onların missiyasını uğurla tamamlayaraq şanlı Qələbə qazandılar. Ərazi bütövlüyümüzü bərpa edərək şəhid ailələrinin yaralarına məlhəm oldular...”.

İki övladını Vətənə fəda etmiş Ziba Əsgərova övladları ilə bağlı xatirələrini bölüşüb: “Aprel döyüşləri başlayanda övladlarım – Nurlan Əsgərli və İntiqam Əsgərli Xüsusi Təyinatlı Qüvvələrin mənsubu kimi xidmət edirdilər. Hər ikisi Aprel döyüşlərində iştirak etdilər. Nurlan Aprel döyüşlərində şəhid oldu. Son nəfəsini qardaşının qollarında verəndə gülümsəyərək “Qardaş, kaş Şuşaya bayrağımız sancılandan sonra şəhid olaydım” deyib. O gündən İntiqam özünə qisas andı içmişdi. Ali Baş Komandanın əmrini gözləyirdi ki, həm Nurlanın, digər şəhid dostlarının, həm də amansızlıqla qətlə yetirilən qadınların, uşaqların, qocaların qisasını alsın. Vətən müharibəsi başlayanda məndən halallıq istədi... Noyabrın 9-da Şuşada şəhid oldu. O həm Nurlanın qisasını aldı, həm də onun arzusunu yerinə yetirərək Şuşanı azad edənlər arasında oldu...”.

Tədbir bədii hissə ilə davam edib. Tanınmış sənətçilər və istedadlı gənclərin ifasında musiqi nömrələri səsləndirilib, “Ümid günəşi” bədii kompozisiyası nümayiş olunub. Şəhid övladları “Qəhrəman övladıyıq” mahnısını ifa ediblər.