Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

1981-ci il 27 mart

 

Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev Bakıda məşhur rus bəstəkarı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Dmitri Kabalevskinin müəllif konsertinə tamaşa etdikdən sonra yaradıcı heyətlə görüşüb.

 

1981-ci il 1 aprel

 

Heydər Əliyev SSRİ Rəssamlıq Akademiyası Rəyasət Heyətinin və Rəssamlıq təhsili üzrə elmi-metodik Şurasının Bakıda keçirilən geniş iclasında “Təsviri sənət ustalarının yüksək vəzifəsi” mövzusunda məruzə ilə çıxış edib. İclas 1980-ci ildə SSRİ-nin ali rəssamlıq məktəblərini bitirmiş tələbələrin diplom işlərindən ibarət XX Ümumittifaq sərgisinin müzakirəsinə həsr olunmuşdu. Görkəmli sənətşünas alimlərin iştirak etdiyi elmi məclisdə Heydər Əliyevin proqram xarakterli məruzəsi böyük maraqla qarşılanıb.

“Sərgi öz məzmununa görə çoxplanlı, yaradıcılıq və üslub axtarışlarının xarakterinə görə rəngarəngdir. Burada rəngkarlıq və qrafika, monumental və dekorativ sənət, dizayn, arxitektura əsərləri, bədii məmulat nümunələri təmsil olunmuşdur. Bunların bir çoxu novatorluq ruhu ilə aşılanmışdır, müasirlərimizin estetik zövqünü oxşayır, dövrümüzün xariqələri ilə həmahəngdir... Bu barədə danışarkən qeyd etmək istərdik ki, layiqli gənc nəsil yetişir, ölkəmizin rəssamlar ailəsinə layiqli qüvvələr gəlir”.

 

1981-ci il 5 aprel

 

Heydər Əliyev Azərbaycan kinematoqrafçılarının V qurultayında iştirak edib.

 

1981-ci il 11 aprel

 

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının 60 illiyinə həsr edilən təntənəli mərasim keçirilib. Heydər Əliyev mərasimdə çıxış edib.

“...Artistin, səhnə işçisinin sənəti mürəkkəb işdir, istedaddan əlavə çox böyük mənəvi və fiziki gərginlik, fədakarlıq, daha doğrusu, fədailik tələb edən bir işdir. Dərin razılıq hissi ilə demək olar ki, Rus Dram Teatrının işçiləri özlərinin gündəlik fəaliyyəti ilə öz şərəfli borcuna sədaqətlə, fədakarlıqla xidmət nümunələri göstərir, var qüvvələrini çoxmillətli sosialist incəsənətimizin inkişafına sərf edirlər.

60 illik dolğun və mənalı tarixi ərzində Rus Dram Teatrı Azərbaycan mədəniyyətini, bütün çoxmillətli sovet incəsənətini gözəl yaradıcılıq nailiyyətləri ilə zənginləşdirmişdir. Bu, Azərbaycanda rus teatrı xadimlərinin bütün nəsillərinin böyük fədakar əməyinin nəticəsidir. Odur ki, biz onların xidmətlərini layiqincə qiymətləndiririk. Bununla birlikdə biz səhnə ustalarının indiki nəslinə – artistlərə və rejissorlara, rəssamlara və sex işçilərinə, bu gün bu salonda olan və şanlı yubileyi qeyd edən bütün teatr işçilərinə xüsusi minnətdarlıq və dərin ehtiram hisslərimizi ifadə edirik...

Azərbaycan Dövlət Rus Dram Teatrı 50 illiyi ilə əlaqədar olaraq “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmişdi. 60 illik yubileyi ilə əlaqədar olaraq teatr Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanına layiq görülmüşdür. Sizi ürəkdən təbrik edir və respublikamızın yüksək mükafatını sizə təqdim etmək kimi şərəfli və xoş bir tapşırığı böyük məmnuniyyətlə yerinə yetirirəm...”.

 

1981-ci il 7 iyun

 

Heydər Əliyev Bakının Şüvəlan qəsəbəsində yazıçıların Yaradıcılıq evinin açılış mərasimində iştirak edib.

 

1981-ci 12 iyun

 

Heydər Əliyev Azərbaycan yazıçılarının VII qurultayında nitq söyləyib.

“...Azərbaycan yazıçıları öz növbəti qurultayına böyük nailiyyətlərlə gəliblər. Bunu da qeyd etmək vacibdir ki, ötən illərdə respublika yazıçılar təşkilatının yaradıcılıq həyatı və ictimai fəaliyyəti nəzərəçarpacaq dərəcədə canlanmışdır... Son illər müxtəlif nəsillərə mənsub bir çox sənətkara fəxri adlar – Xalq yazıçısı, Əməkdar incəsənət xadimi və Əməkdar mədəniyyət işçisi adları verilmişdir. Bir sıra  ədəbiyyatçılar Sovet İttifaqı ordenlərinə, SSRİ və respublika Dövlət mükafatlarına layiq görülmüşlər. Süleyman Rəhimova, Süleyman Rüstəmə, Rəsul Rzaya Sosialist Əməyi Qəhrəmanı kimi şərəfli ad verilmişdir. Bu mükafatlarla bütün Azərbaycan yazıçılarının yaradıcı əməyi yüksək qiymətləndirilir...

Hər bir sənətkar öz xalqının övladıdır və onun tarixi qarşısında məsuliyyət daşıyır... Mədəniyyətin milli sərvətlərinin demək olar, əsas mühafizəçisi olan yazıçının yüksək vətəndaşlıq vəzifəsi xalqın tarixini onun müasir mədəniyyətinə xidmət göstərməyə cəlb etməkdir. Qoy bu çətin yolda sizə Səməd Vurğun yaradıcılığının parlaq nümunəsi ilham versin - Səməd Vurğun ölməz “Vaqif” dramında böyük Azərbaycan şairinin tarixi obrazını yaratmış, o dövrün ictimai-siyasi həyatını heyrət doğuran məharətlə canlandırmışdır.

Qeyd etmək istəyirəm ki, tarixi simaların obrazları yaradılan və  tariximizin çox mühüm dövrləri tərənnüm olunan ədəbi əsərlər ən yüksək səviyyədə yazılmalıdır. Bunlar çox mühüm, açıq deyək ki, mürəkkəb mövzulardır. Belə mövzuların öhdəsindən yalnız yüksək istedadlı, dərin bilikli sənətkarlar gələ bilərlər. Buna görə də tarixi mövzuda əsərlər yaratmağa girişməzdən əvvəl ədib öz qüvvə və imkanlarını götür-qoy etməli, böyük və ciddi hazırlıq işi aparmalıdır.

Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi Azərbaycan ədəbiyyatı klassiklərinin solmaz yaradıcılığının öyrənilməsinə və təbliğinə böyük diqqət verir. Bunu təkcə son illərdə Mərkəzi Komitənin qəbul etdiyi xüsusi qərarlar sübut edir...

Yaradıcı tərcümənin böyük və nəcib vəzifəsini bizim ən qüvvəli yazıçılarımız şərəflə yerinə yetirməlidirlər... Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi bu məsələlərə prinsipial əhəmiyyət verərək respublikada tərcümə işinin vəziyyətini xüsusi müzakirə etmək və onun əsaslı surətdə yaxşılaşdırılması üçün müvafiq tədbirlər görmək niyyətindədir.

Bir məsələyə də toxunmaq istəyirəm. Respublika Yazıçılar İttifaqının tərkibində Cənubi Azərbaycandan olan ədəbiyyatçılar da məhsuldar işləyirlər. Yaradıcılıq İttifaqının rəhbərliyi onlara daim diqqət yetirməli, onların əsərlərini respublikada və respublikanın hüdudlarından kənarda geniş təbliğ etməlidir. Ümumiyyətlə, Cənubi Azərbaycanla ədəbi əlaqələri möhkəmlətmək, mədəniyyətin, mənəvi yaradıcılığın bütün sahələrində geniş əlaqələri inkişaf etdirmək, bizdə toplanmış zəngin bədii-estetik təcrübəni qələm yoldaşlarına vermək barəsində düşünmək lazımdır.

Azərbaycan ədəbiyyatının sabahkı gününə qayğı göstərmək respublika Yazıçılar İttifaqının ən mühüm vəzifəsidir. Birinci növbədə ədəbiyyata təzə qüvvələr gəlməsi, gənc istedadların aşkara çıxarılması və tərbiyə edilməsi qayğısına qalmaq lazımdır...   Yazıçılar təşkilatının fəaliyyətində kollegiallıq, əsl demokratik ruh hökm sürməlidir, elə bir şərait yaranmalıdır ki, hər kəs öz fikirlərini və şübhələrini ifadə edə bilsin. Cəmiyyətimizin sınanmış silahı olan tənqid və özünütənqiddən daha fəal istifadə edilməlidir...”.

Hazırladı: V.Orxan

(davamı var)