Azərbaycanın tarixi torpaqlarından olan Zəngəzur mahalı tarixi abidələrlə zəngin bölgələrimizdən biridir. Bu abidələr minilliklər ərzində Zəngəzurun qədim Azərbaycan əraziləri olduğuna şahidlik edir. Əsasən dağlıq ərazi olan bu bölgədə Qədim Daş dövrünə aid düşərgə, Tunc dövrünün qayaüstü təsvirləri, qəbir abidələri və yaşayış yerləri, Albaniya dövrünə aid məbədlər, yaşayış yerləri və qəbirlər, Orta əsrlərə aid yaşayış yerləri, qəbirüstü türbələr və s. tarixi-arxeoloji abidələr aşkar edilib.

Sovet imperiyası Zəngəzuru iki hissəyə bölüb və bu qədim Azərbaycan diyarının qərb yarısı Ermənistan SSR-in tərkibinə verilib. Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarının ərazisindən ibarət Şərqi Zəngəzur isə Azərbaycan Respublikasının tərkibində qalıb. Şərqi Zəngəzur 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalıb və bu onilliklər ərzində işğalçılar bölgənin kənd və şəhərlərini qarət etməklə yanaşı, xalqımıza məxsus tarixi yadigarları da məhv ediblər.

Bölgə Azərbaycanın alban irsi ilə zəngindir. Erməni vandalları alban xristian məbədlərini ya dağıdır, ya da təhrif edərək özününküləşdirməyə çalışırdılar. Dağıntılara kütləvi şəkildə məruz qalan İslam mədəniyyəti abidələri – məscidlər, qəbirüstü türbələr, epiqrafik yazılar idi. Bununla yanaşı, erməni “alimləri” bu zonadakı bəzi müsəlman abidələrini saxtakarlıqla “türkmən abidələri” kimi təqdim etməyə çalışırdılar. Məsələn, Orta Tunc dövrü ilə məşğul olan, saxtakarlığı ilə tanınan erməni arxeoloq A.Simonyan 2001-ci ildəki məqaləsində birdən-birə Orta əsrlərin İslam abidələri olan, Laçın rayonunun Cicimli kəndindəki Məlik Əjdər və Kar Kümbəz türbələrini Qaraqoyunlu sultanlarına məxsus türkmən abidələri kimi təqdim edib.

Arxeoloq Tarix Dostiyev erməni “aliminin” bu saxtakarlığını tutarlı faktlarla ifşa edərək onun cəfəng məqaləsinin elmdən uzaq olduğunu sübut edib. T.Dostiyev yazır ki, A.Simonyan bu abidələri Ermənistan ərazisində yeni aşkar edilmiş abidələr kimi qələmə verir, bu türbələri XV əsrə aid edir, onların 6 künclü plana malik olduğunu yazır. Halbuki bu türbələr Azərbaycanın Laçın rayonu ərazisində yerləşir, onlar elmə hələ XX əsrin 30-cu illərindən məlumdur. Məlik Əjdər türbəsi XIII əsrə, Kar Kümbəz türbəsi isə XVII-XVIII əsrlərə aiddir, onlar 8 guşəli plana malikdir və onların Qaraqoyunlu sultanları ilə heç bir bağlılığı yoxdur.

Şərqi Zəngəzur tarixi-arxeoloji abidələrlə zəngindir. Bu bölgəyə daxil olan hər bir rayon ərazisində, xüsusilə də Araz çayı, onun qolu Həkəri çayı və mənbəyini Dəlidağdan götürən, şərq istiqamətinə – Kürə doğru axan Tərtər çayı vadilərində qədim tarixin müxtəlif mərhələlərinə aid abidələr aşkarlanıb. Bunlar qədim yaşayış yerləri, qəbir abidələri, qayaüstü təsvirlər, körpülər, məbədlər və s. tarixi abidələrdir. Lakin çoxsaylı abidələrin aşkar edilməsinə baxmayaraq Şərqi Zəngəzur Azərbaycanın arxeoloji baxımdan ən zəif öyrənilmiş bölgəsidir. Görünür, bu, ilk növbədə, bölgənin mürəkkəb relyefi, çətin coğrafi şəraiti ilə bağlı olub. Buradakı abidələr əsasən keçən əsrin 70-80-ci illərində arxeoloqların apardıqları kəşfiyyat-axtarış işləri nəticəsində qeydə alınıb.

1976-cı ildə arxeoloq Qüdrət İsmayılzadə Tərtər çayının yuxarı axarı hövzəsində, Kəlbəcər rayonu ərazisində, Dəlidağın yamaclarında Tunc dövrünə aid qayaüstü təsvirlər aşkar edib. Rəsmlər dəniz səviyyəsindən 3 min metrədək yüksəklikdə yerləşən Zalxagöl, Qaragöl sahillərində, Ayı çınqılı, Pəri çınqılı, Taxta adlanan sahələrdə cəmlənıb. Bazalt daşları üzərində həkk edilmiş bu təsvirlərin mövzuları müxtəlifdir. Bunlar insanların, müxtəlif heyvanların, öküzlərin qoşulduğu arabaların və s. rəsmləridir. Burada dağ keçilərinin və maralların ovlanması səhnələrinə rast gəlinir. Maraqlıdır ki, həmin təsvirlərlə eyni ərazidə Tunc dövrünün əvvəllərinə – eramızdan əvvəl III minilliyin başlanğıcına aid dairəvi planlı kompakt yaşayış yerinin qalıqları aşkarlanıb. Bir neçə ailə üçün nəzərdə tutulmuş və daş tikililərlə möhkəmləndirilmiş bu yaşayış yeri yaylaq maldarlığı təsərrüfatı üçün səciyyəvidir. Bütün bu qayaüstü təsvirlər, yaşayış yerinin qalıqları hələ 5 min il əvvəl bu yüksək dağlıq ərazilərin məskunlaşdığını sübut edir.

Dəlidağ təsvirləri, heç şübhəsiz, Qarabağın aran zonasının – Tərtər çayının aşağı axını hövzəsinin əkinçilik və maldarlıqla məşğul olan Tunc dövrü əhalisinin yay mövsümlərində yaylaqlara köç zamanı yaratdıqları mədəniyyətdir. Hələ İlk Tunc dövründə Qarabağın aran və dağlıq əraziləri, o cümlədən Zəngəzur dağları təsərrüfat və mədəni baxımdan bir-biri ilə sıx bağlı idilər. Eyni zamanda, Dəlidağ, Qərbi Zəngəzur, Göyçə gölü hövzəsi və Ordubad rayonundakı Gəmiqaya rəsmləri eyni tarixi dövrə, eyni məzmuna malik olub Kiçik Qafqazda Azərbaycanın vahid Tunc dövrü mədəniyyətinin tərkib hissələridir. İşğaldan azad edildikdən sonra Dəlidağ zonasında geniş tədqiqatlar aparmaq, minlərlə qayaüstü təsvirləri qeydə almaq üçün geniş imkanlar yaranıb. Belə təsvirlərin Dəlidağın Laçın rayonu istiqamətindəki yamaclarında da aşkar ediləcəyi istisna deyildir.

Keçən əsrin 80-ci illərində arxeoloq Mənsur Mənsurov kəşfiyyat işləri zamanı Kəlbəcər rayonunun Zar kəndi yaxınlığındakı mağarada Orta Paleolit dövrünün son və Üst Paleolit dövrünün başlanğıc mərhələsinə aid düşərgə aşkar edib. Mağaranın giriş hissəsinin tavanı uçub. Arxeoloq bilavasitə mağaranın girişində yoxlama qazıntısı aparıb, buradakı mədəni təbəqənin mövcudluğunu və onun xüsusiyyətini müəyyənləşdirib. Qazıntı nəticəsində ərazinin Paleolit dövrü insanlarının istifadə etdikləri müxtəlif tipli daş alətlər aşkarlanıb. Zar mağara düşərgəsi, ilk növbədə, ona görə mühüm elmi əhəmiyyətə malikdir ki, bu abidə Azərbaycan ərazisində qədim Daş dövrünün ən zəif öyrənilmiş Üst Paleolit mərhələsinə aid nadir abidələrdəndir. Bu düşərgənin gələcək tədqiqatları Azərbaycanın ən qədim tarixinin tədqiqatlarındakı müəyyən boşluğu doldurmağa imkan verəcək.

İşğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı arxeoloji araşdırmaların aparılması, abidələrin qeydiyyata alınması, onların məlumat bazasının sistemləşdirilməsi tədqiqatçıların qarşısında duran ən mühüm vəzifədir. Bölgədə aparılacaq tədqiqatlar tarixi dövrlər arasında bağlantılar, mədəni irsilik problemlərinin öyrənilməsini təmin edəcək.

Nəcəf Müseyibli, Mətanət Hüseynova, Seymur Fərmanlı
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları