İtaliyanın Məlumatların Mühafizəsi Agentliyi bildirib ki, ABŞ şirkəti aprel ayının sonuna qədər məlumatların qorunması və məxfilik tələblərinə əməl edərsə, OpenAI-nin ChatGPT süni intellekt (AI) texnologiyasına tətbiq etdiyi müvəqqəti qadağanı aradan qaldıracaq. Agentlik martın 31-də OpenAI-nin ChatGPT-yə müvəqqəti qadağa qoyub.

“Microsoft” tərəfindən dəstəklənən OpenAI-nin ChatGPT kimi süni intellekt sahəsində sürətli irəliləyişləri hökumətlərin bu texnologiyadan istifadəni tənzimləyən qanunlar üzərində razılaşmaq səylərini çətinləşdirib.

Avropa Məlumatların Mühafizəsi Şurası aprelin 13-də ChatGPT-də işçi qrupu yaratdığını və bunun süni intellektdə məxfilik qaydalarının müəyyən edilməsi üzrə ümumi siyasətə doğru potensial əhəmiyyətli ilk addım olduğunu bəyan edib. Aİ qanunvericiləri süni intellektlə bağlı məhsul və ya xidmətləri təmin edən hər kəsi idarə edəcək Avropa İttifaqının “AI Aktı”nın tətbiqini müzakirə edirlər. Bu qanun məzmun, proqnozlar, tövsiyələr və ya mühitə təsir edən qərarlar yarada bilən sistemləri əhatə edəcək. Qanunvericilər müxtəlif süni intellekt alətlərinin risk səviyyəsinə görə təsnifatını da təklif ediblər.

Yaponiyanın rəqəmsal transformasiya naziri Taro Kono ChatGPT daxil olmaqla, süni intellekt texnologiyalarını müzakirə etmək və vahid G7 mesajı vermək üçün aprelin sonunda keçiriləcək G7 rəqəmsal nazirlərinin görüşünün keçirilməsini təklif edib.

Nəhayət, süni intellekt texnologiyalarının istehsalçısı olan ABŞ hökuməti də bu məsələni tənzimləmək məqsədilə təkliflər irəli sürüb. Prezident Co Bayden əvvəllər elm və texnologiya məsləhətçilərinə süni intellektin xəstəliklər və iqlim dəyişikliyi ilə mübarizədə kömək edə biləcəyini deyib. Lakin o, bu texnologiyaların cəmiyyət, milli təhlükəsizlik və iqtisadiyyat üçün potensial risklərinin aradan qaldırılmasının da vacib olduğunu söyləyib.