Lənkəran şəhərində “Xatirə bağı” aksiyası keçirilib. Tədbir İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlılara həsr edilib.

Aksiya Bakıdakı Rus Evi (Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi), Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası və Azərbaycan Rus Gənclər Assosiasiyası tərəfindən təşkil edilib.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, Lənkərandakı Müqəddəs Tanrıdoğuran Himayədarı məbədinə bitişik ərazidə 20 yasəmən və maqnoliya tingi əkilib.

Beynəlxalq “Xatirə bağı” aksiyası “Xatirə bağı” qeyri-kommersiya təşkilatının, Ümumrusiya “Qələbə könüllüləri” ictimai hərəkatının təşəbbüsü ilə 2020-ci ildən keçirilir. Aksiyanın əsas məqsədi İkinci Dünya müharibəsi illərində həlak olmuş döyüşçülərin hər birinin xatirəsini anmaq üçün 27 milyon ağac əkməkdir.

Bakı Yeparxiyasının katibi, arximandrit Aleksi (Nikonorov), Rusiyanın Azərbaycandakı Səfirliyinin müşaviri Andrey Rumyantsev, “Rossotrudniçestvo” Agentliyinin Bakıdakı nümayəndəliyinin şöbə rəisi Dmitri Yeqorov aksiyanın mahiyyəti barədə söhbət açıblar.

Tədbirdə Lənkəran şəhər sakinləri, rus icmasının üzvləri iştirak ediblər.