Teatr və musiqi kollektivlərinin regionlara növbəti qastrolu gerçəkləşib

 

“Heydər Əliyev İli” və Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi münasibətilə paytaxtda fəaliyyət göstərən bir sıra teatrların və musiqi kollektivlərinin bölgələrə yeni qastrol səfərləri olub.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan layihənin məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının daha mənalı keçirilməsi, yerli yaradıcı kollektivlərlə sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.

Layihə çərçivəsində Azərbaycan Dövlət Mahnı Teatrının estrada ansamblı aprelin 22-də Şamaxı Mədəniyyət Mərkəzində konsert proqramı ilə çıxış edib.

Arslan Növrəslinin caz qrupu isə aprelin 22-də Xaçmaz rayonundakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzində etno-caz konsertini təqdim edib.

Hər iki konsert musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb.

 

İsmayıllı sakinləri üçün “Pantomim buketi”

 

Azərbaycan Dövlət Pantomima Teatrı isə aprelin 24-də İsmayıllı şəhərinə səfər edib.

Pantomimçilər İsmayıllı teatrsevərlərə “Pantomim buketi”ni nümayiş etdiriblər.

Bundan öncə də yerli və beynəlxalq festivallarda uğurla təmsil olunan tamaşa teatrsevərlərin alqışları ilə qarşılanıb.

İsmayıllı rayon rəhbərliyi “Heydər Əliyev İli” çərçivəsində onların qonağı olan Dövlət Pantomima Teatrının kollektivinə təşəkkür edib, teatrın bu gəlişinin İsmayıllı teatrsevərləri üçün əsl bayrama çevrildiyini vurğulayıb.

 

“Məlikməmməd” qusarlı balacaların qonağı olub

 

Azərbaycan Dövlət Kukla Teatrı aprelin 24-də Qusar Dövlət Ləzgi Dram Teatrının binasında sənətsevərlərə “Məlikməmməd” tamaşasını nümayiş etdirib.

Azərbaycan xalq nağılı əsasında hazırlanan tamaşanın əsas ideyası uşaq və yeniyetmələrə cəsarət, dürüstlük və mübarizlik aşılamaqdır.

Birhissəli tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyevdir.

Rejissor klassik nağılı İkinci Qarabağ müharibəsi, tarixi Zəfərimizlə əlaqələndirməklə ona fərqli prizmadan baxmağa, dövrümüzün real qəhrəmanları və hadisələri ilə bağlamağa nail olub.

Paytaxtdakı teatr və musiqi kollektivlərinin bölgələrə qastrol səfərləri may ayında da davam edəcək.

Xatırladaq ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxtda fəaliyyət göstərən bir sıra teatrlar mart ayında da bölgələrdə qastrolda olmuşdu. Aksiyanın məqsədi regionlarda mədəni həyatı fəallaşdırmaq, gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsinə təkan vermək, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.

 

“Danışan gəlincik” Lənkəranda uşaqları sevindirib

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyorları “Danışan gəlincik” tamaşası ilə aprelin 24-də Lənkəran Dövlət Dram Teatrında teatrsevərlərin qarşısına çıxıblar.

Abdulla Şaiqin eyniadlı əsəri əsasında hazırlanmış “Danışan gəlincik” birhissəli musiqili nağıl-tamaşa əməkdar artist Loğman Kərimovun quruluşunda təqdim olunub.

Səhnə əsərinin bədii tərtibatı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğluna, musiqi tərtibatı Həmid Kazımzadəyə məxsusdur. Tamaşanın rejissor-assistenti Könül Kərimovadır. Rolları Əməkdar artistlər Şəlalə Şahvələdqızı, Elnar Qarayev, aktyorlar Ramin Şıxəliyev, İlahə Həsənova, Nigar Güləhmədova, Xədicə Novruzlu ifa edirlər.

Tamaşada varlı şah sarayı və kasıb daxması olan iki ailənin həyat tərzi əks olunub. Şahzadə qız padşah olan atasının hər şeyə qadir olduğunu düşünür. Rəfiqəsi olmadığı üçün danışan gəlincik alınmasını istəyir. Onun arzusu dərhal yerinə yetirilir. Kasıb bir ailənin qızını pulla alıb şahzadəyə danışan gəlincik kimi hədiyyə edirlər. Amma dünyada çox şeyi pulla satın almaq mümkün olsa da, insan qəlbini, ailə mehribanlığını satın almaq mümkün deyil. Əsərdə bu ideya əsas götürülür və danışan gəlincik şahzadəyə həyat dərsi verir.

Kiçikyaşlı uşaqlar və aşağı sinif şagirdləri rəngarəng tərtibatı, baxımlı aktyor oyunu və oynaq musiqisi olan tamaşaya böyük maraqla baxıblar.

Hazırladı: N.Məmmədli