Bölgələrdə “Heydər Əliyev İli” tədbirləri

 

İsmayıllı rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və kəlamları” mövzusunda rəsm müsabiqəsi keçirilib. Müsabiqənin məqsədi yaradıcılığın müxtəlif sahələrində xüsusi istedada malik uşaqları üzə çıxarmaq, məktəblilərdə Vətənə, dövlətçilik tariximizə və müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev siyasi irsinə maraq yaratmaq olub.

***

Heydər Əliyevin 100 illiyi münasibətilə Şəkidə təşkil edilmiş futzal  üzrə turnirdə Şəki mədəniyyət işçilərinin komandası uğurla yarışaraq 4/1 finala vəsiqə qazanıb. Komandanı yarışa Şəki RMİ-nin məsləhətçisi Elvin Qarayev hazırlaşdırıb.

***

“Heydər Əliyev İli” ilə əlaqədar Gədəbəy rayonu İslam Əliyev adına 3 saylı ümumi orta məktəbin müəllim və şagird kollektivinin Gədəbəy Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub. Şagirdlərə Ulu öndərin zəngin həyat yolu və siyasi fəaliyyətini əks etdirən eksponatlar haqqında ətraflı məlumat verilib.

***

Masallı Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə “Heydər Əliyev irsini öyrənək” mövzusunda tədbir keçirilib. “Heydər Əliyev İli” çərçivəsində gerçəkləşən tədbirdə Masallı rayon Uşaq-gənclər inkişaf mərkəzinin müəllim və şagirdləri iştirak ediblər.

***

Salyan rayon MKS-nin Ərəbqardaşbəyli kənd kitabxana filialı R.Quliyev adına tam orta məktəbdə “Müstəqil Azərbaycan yaşadıqca Ulu öndər Heydər Əliyev də qəlblərdə yaşayacaq” adlı tədbir təşkil edib.

***

Gəncə şəhər MKS-nin 19 saylı kitabxana filialı şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbdə “Sən elə bir zirvəsən ki...” adlı kitab sərgisi təşkil edib.

Gəncə şəhər Fikrət Əmirov adına 1 nömrəli Uşaq musiqi məktəbinin Xalq çalğı alətləri şöbəsində “Dahi şəxsiyyət” adlı konsert təşkil olunub. Konsertdə məktəbin müəllim və şagirdləri tərəfindən Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

***

Sabirabad RMİ və Mil-Muğan Regional Təhsil İdarəsinin tərəfdaşlığı ilə Sabirabad rayon Mədəniyyət Mərkəzində Ümummilli liderin 100 illik yubileyinə həsr olunmuş “Kim? Harada? Necə?” adlı intellektual bilik yarışması təşkil edilib. Yarışmaya Şirvan şəhər, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Salyan, Neftçala və Hacıqabul rayonlarından məktəblilər qatılıblar. Hacıqabul şəhər A.Dadaşov adına 5 nömrəli tam orta məktəbin şagirdləri I, Sabirabad rayon Qaratəpə kənd O.Mirzəyev adına tam orta məktəbin şagirdləri II, Salyan rayon Sarvan kənd İ.Həsənov adına tam orta məktəbin şagirdləri III yerə layiq görülərək diplom və medallarla təltif olunublar.

Saatlı rayon MKS-də Ulu öndərin 100 illiyi ilə əlaqədar “Sönməz, əbədidir Heydər Əliyev!” adlı şeir müsabiqəsi keçirilib. Müsabiqədə rayonun müxtəlif məktəblərindən olan şagirdlər tərəfindən Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirilib. Qaliblərə fəxri fərman və hədiyyələr təqdim olunub.

N.Məmmədli