Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

1982-ci il 14 yanvar

 

Qarlı bir qış günündə Şuşada Azərbaycan ədəbi və mədəni irsinin təntənəsi olan mərasimlər – Molla Pənah Vaqifin məqbərəsinin və Vaqif Poeziya evinin açılışı keçirilib. Respublikanın rəhbəri Heydər Əliyev mərasimlərdə iştirak edib. Vaqifin məqbərəsinin rəmzi lentini Heydər Əliyev, Azərbaycan SSR Ali Sovetinin sədri Xalq şairi  Süleyman Rüstəm və Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi, Xalq yazıçısı Mirzə İbrahimov kəsiblər. Heydər Əliyev Şuşa Tarix Muzeyi ilə də tanış olub.

Heydər Əliyevin Vaqif Poeziya evinin açılışı mərasimində nitqindən:

“Əlamətdar haldır ki, Şuşada Vaqifin məqbərəsinin təntənəli surətdə açıldığı gün Poeziya evi də açılmışdır. Gərək çalışasınız ki, bu ev şəhərdə əsl poeziya mərkəzinə çevrilsin, ədəbiyyatı təbliğ etsin, şuşalıları, ilk növbədə də gəncləri, böyüməkdə olan nəsli vətənpərvərlik ruhunda tərbiyə etsin, onlara gözəllik hissi aşılasın.

Şuşanın zəngin tarixi vardır... Şuşanın Tarix Muzeyi bunu əks etdirir... Ekspozisiya məharətlə tərtib edilmişdir, şəhərin tarixindən və bugünkü həyatından, ümumən respublikanın müvəffəqiyyətlərindən kifayət qədər ətraflı bəhs edir. Siz gərək onu bundan sonra da zənginləşdirəsiniz... Üçmərtəbəli binanın salonlarında Azərbaycanın təsviri sənət ustalarının, o cümlədən Dağlıq Qarabağ rəssamlarının əsərləri göstərilir... Rəsm qalereyasının açılması, şübhəsiz, yaxşı təşəbbüsdür, şəhər sakinlərinin estetik tərbiyəsinə kömək edəcəkdir. Bununla birlikdə onun fondlarını yerli rəssamların əsərləri hesabına daha da zənginləşdirmək lazımdır. Bu, onları daha da həvəsləndirər...”.

Heydər Əliyev Şuşada həyata keçirilən quruculuq işləri ilə tanış olub, tövsiyələrini verib. Bildirib ki, yeni binalar tikməklə yanaşı qədim şəhərin qorunub saxlanmasına, tarixi keçmişin abidələrinə də xüsusi fikir vermək lazımdır. Şuşa qədirbilən şairlər, musiqiçilər, rəssamlar məskəni kimi məşhur olub. Buranın havasında poeziya və musiqi duyulur, təbiət özü yaradıcılığa ruhlandırır, ilham gətirir. Burada mədəniyyət ustaları üçün yaradıcılıq evi tikmək məqsədəuyğun olardı.

***

Həmin gün Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev Stepanakert  (Xankəndi – red.) şəhərində Dağlıq Qarabağ fəallarının yığıncağındakı çıxışında da bölgənin mədəni inkişafından bəhs edib:

“...Şuşanın tarixi, xatirə yerləri ilə tanış olarkən razılıq hissilə qeyd etdik ki, son illər şəhərdə böyük dəyişikliklər baş vermişdir. Məlum olduğu kimi, 1976-cı ildə Azərbaycan KP MK və respublikanın hökuməti Şuşa şəhərində kurort kompleksini daha da inkişaf etdirmək tədbirləri haqqında qərar qəbul etmişlər. Qərarda tarix və memarlıq abidələrinin bərpa edilməsi və qorunub saxlanılması ilə əlaqədar məsələlər də nəzərdə tutulmuşdur. Həmin sənədin yerinə yetirilməsi üçün az iş görülməmişdir...

Biz şəhərə baxarkən faydalı təkliflər, o cümlədən ötən əsrin məşhur şairəsi Xurşidbanu Natəvanın evinin bərpası haqqında təklif eşitdik... Azərbaycan KP MK, respublika hökuməti müasir dövrün tələbləri, keçmiş və indiki dövr haqqında fikirlərimiz nəzərə alınmaqla Şuşa şəhərinin Azərbaycanın əsl mədəniyyət, şəhərsalma, arxitektura və incəsənət incisinə çevrilməsi üçün əllərindən gələni etməyə hazırdır...

Şuşada poeziya evi açıldı. Onun açılışında şairlər öz şeirlərini oxudular... Ümidvarıq ki, yeni poeziya evi Şuşada ədəbi yaradıcılığın inkişafına, xalqların dostluğunun daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

Yeri gəlmişkən, qeyd edək ki, burada, Şuşada keçirilən şənliklərdə Vaqif poeziya gününü ənənəyə çevirmək ideyası meydana gəlmişdir. Respublikamızda Nizami, Sabir, Yesenin, Səməd Vurğun poeziya günləri keçirilir və onlar ənənəyə çevrilmişdir... Zənnimcə, Vaqif poeziya günləri də bu gözəl ənənəni zənginləşdirərdi...

Bütün bunlar barədə danışarkən mən adamların ünsiyyətinin – mənəvi-şəxsi ünsiyyətinin böyük əhəmiyyətini bir daha dönə-dönə qeyd etmək istəyirəm. Dağlıq Qarabağa respublikamızın görkəmli mədəniyyət və elm xadimləri, yaradıcılıq ittifaqlarının rəhbərləri, yazıçılar, şairlər, bəstəkarlar, rəssamlar, kinematoqrafçılar, Elmlər Akademiyasının prezidenti başda olmaqla, alimlər gəlmişlər. Yəqin ki, Stepanakertə (Xankəndinə – red.) və Şuşaya eyni vaxtda hələ heç zaman bu qədər çox elm və mədəniyyət xadimi gəlməmişdir...

Biz belə hesab edirik ki, bu cür görüşlər çox faydalı və lazımlıdır... Bununla birlikdə bugünkü görüşlər, sözsüz, Dağlıq Qarabağın mədəniyyət xadimlərinin bütün respublikanın mədəniyyət xadimləri ilə yaradıcılıq əlaqələrinin möhkəmlənməsinə kömək edəcəkdir. Burada Yazıçılar İttifaqının şöbəsi fəaliyyət göstərir, rəssamlar, musiqiçilər, dram teatrı vardır, mənəvi həyatı inkişaf etdirmək üçün hər cür şərait yaradılmışdır. İstərdik ki, Dağlıq Qarabağın və respublikamızın başqa regionlarının ziyalı qüvvələrinin qarşılıqlı fəaliyyəti bütün çoxmillətli sosialist mədəniyyətimizin böyük tərəqqisi naminə müvəffəqiyyətlə inkişaf etsin...”.

 

1982-ci il 19 yanvar

 

Heydər Əliyev SSRİ Bəstəkarlar İttifaqı İdarə heyətinin birinci katibi Tixon Xrennikovu qəbul edib. Söhbət zamanı musiqi sənətinin inkişafı məsələlərinə toxunulub. T.Xrennikov Azərbaycan bəstəkarlıq məktəbinin müvəffəqiyyətlərini, bu işdə görkəmli musiqiçi, ictimai xadim Üzeyir Hacıbəyovun böyük xidmətlərini qeyd edib.

 

1982-ci il 20 yanvar

 

Heydər Əliyev M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Niyazinin dirijorluğu ilə simfonik orkestrin ifasında Tixon Xrennikovun əsərlərindən ibarət konsertə tamaşa edib.

Hazırladı: V.Orxan

(davamı var)