Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialı tərəfindən Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anarın 85 illik yubileyi münasibətilə tədbir keçirilib.

Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil olunan tədbiri giriş sözü ilə muzeyin Aran regional filialının müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq yazıçının həyatı və yaradıcılığı haqqında məlumat verib. O, Anarın yaradıcılığının müasirliyindən, realizmindən, emosional təsir oyatmaq gücündən danışıb.

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov Anarın Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafında böyük xidmətlərindən söz açıb.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Anarın öz yaradıcılığında müasir sənətin bir sıra xüsusiyyətlərini birləşdirdiyini vurğulayıb.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Xalq yazıçısının vətənimizdə, eləcə də onun sərhədlərindən kənarda əcnəbi dillərdə 100-ə yaxın kitabının çap olunduğunu diqqətə çatdırıb. O, Anarın əsərlərində dövrün ən aktual problemlərini qaldırdığını, Anar yaradıcılığı haqqında ölkəmizdə və dünyanın müxtəlif ölkələrində çoxsaylı məqalələrin dərc olunduğunu bildirib.

AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli, Xalq artisti Fəxrəddin Manafov, “Qobustan” jurnalının baş redaktoru Pərvin Nurəliyeva çıxış edərək yazıçının ədəbiyyat, publisistika və kino sahəsindəki xidmətlərindən danışıb, təbriklərini çatdırıblar.

Daha sonra yazıçının əsərləri əsasında çəkilmiş “Evləri köndələn yar” tamaşasından, “Təhminə və Zaur”, “Dədə Qorqud”, “Üzeyir ömrü” filmlərindən fraqmentlər nümayiş etdirilib.

Xalq yazıçısı Anar çıxış edərək tədbirin təşkilatçılarına və çıxış edən hər kəsə dərin təşəkkürünü bildirib.