Ulu öndərin 100 illiyi ilə bağlı tədbirlər davam edir

 

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Ulu öndər Heydər Əliyev uşaqların ən böyük himayədarı idi” mövzusunda tədbir təşkil edilib. Çıxışlarda Ulu öndərin uşaqlara göstərdiyi diqqət və qayğıdan, ölkəmizdə uşaqların hərtərəfli inkişafının təmin edilməsi istiqamətində görülən işlərdən danışılıb. Bildirilib ki, Azərbaycanda uşaqların sağlam, firavan böyüməsi və onların hüquqlarının qorunmasına xidmət edən dövlət siyasətinin əsası Heydər Əliyev tərəfindən qoyulub. Uşaqlar Heydər Əliyevin uşaqlıq və gənclik illərini əhatə edən ekspozisiya ilə tanış olub, dahi siyasətçiyə həsr olunmuş şeirlər söyləyiblər.

***

Sabirabad rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda elmi-praktik konfrans keçirilib. Çıxışlarda Heydər Əliyevin ölkə həyatının bütün sahələrinin inkişafı ilə bağlı gördüyü işlərdən bəhs edilib. Azərbaycan dövlətinin bu gün Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında uğurla inkişaf etdirildiyi diqqətə çatdırılıb.

***

Bərdə Regional Mədəniyyət İdarəsinin (RMİ) əhatə etdiyi rayon və şəhərlərdə Ulu öndərin 100 illiyi münasibətilə keçirilən “Heydər Əliyev və mədəniyyətimiz” adlı bilik yarışması davam edir.

Yevlax şəhərində keçirilən yarışmada Qoyunbinəsi kənd orta məktəbinin “Şuşa” komandası, Mingəçevirdə keçirilən yarışmanın sonuncu mərhələsində isə “Zəfər” komandası qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.

***

Lənkəran RMİ, şəhər İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Lənkəran şəhərindəki Heydər Əliyev xatirə parkında Ümummilli liderin 100 illik yubileyinə həsr olunmuş rəsm sərgisi keçirilib.

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda konfrans keçirilib. Bildirilib ki, demokratik, hüquqi və dünyəvi dövlət kimi formalaşan müasir Azərbaycanda milli-mənəvi dəyərlərə qayıdış, elm, təhsil və mədəniyyətin tərəqqisi Heydər Əliyevin adı ilə bağlıdır.

***

Füzuli rayon Qarabulaq kənd Uşaq musiqi məktəbinin təşkilatçılığı ilə Suraxanı rayon Q.Abbasov adına Mədəniyyət Sarayında “Uşaqlar bizim gələcəyimizdir” adlı konsert proqramı keçirilib. Ümummilli liderin 100 illiyinə həsr olunmuş konsertdə şagirdlər tərəfindən milli musiqi və rəqs nümunələri, xalq mahnıları təqdim olunub.

***

Ağdaş rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə rayonun Şordəhnə kənd Ə.Səlimov adına ümumi orta məktəbində “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı bilik yarışı keçirilib. Məktəbin 7, 8 və 9-cu sinif şagirdlərinin iştirak etdiyi yarışda “Zəfər”, “Uğur” və “Dəmir yumruq” komandaları mübarizə aparıblar.

***

Tovuz Dövlət Rəsm Qalereyasında “Ürəklərdə yaşayan dahi” adlı dərnək üzvlərinin əl işlərindən ibarət rəsm sərgisi təşkil edilib.

***

Şəki şəhər 4 nömrəli Uşaq musiqi məktəbinin təşkilatçılığı ilə “Heydər Əliyev: Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda mühazirə keçirilib.

Zaqatala rayon Heydər Əliyev Mərkəzində məktəblilər arasında “Heydər Əliyev xatirələri” adlı şeir və mahnı müsabiqəsi keçirilib. Müsabiqədə rayonun 66 təhsil ocağını təmsil edən 100 məktəbli Ulu öndərə həsr olunan şeir söyləyib, mahnılar oxuyublar. Müsabiqənin qalibləri mayın 10-da elan olunacaq.

Qax rayon Heydər Əliyev Mərkəzində Ulu öndərin yubileyi ilə bağlı tədbir keçirilib. Tədbirdə mərkəzin əməkdaşları, Respublika Olimpiya İdman Liseyi Qax rayon şöbəsinin müəllim və şagirdləri iştirak ediblər.

Balakən rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində rəsm sərgisi təşkil edilib. Sərgidə Ulu öndərə həsr olunmuş və eyni zamanda vətənpərvərlik mövzusunda rəsmlər yer alıb.

***

Yardımlı rayon Heydər Əliyev Mərkəzində “Müstəqilliyimiz əbədidir!” mövzusunda tədbir keçirilib. Çıxış edənlər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etməsindən, işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində sistemli və məqsədyönlü fəaliyyətin əsasının qoyulmasından danışıblar. Bildirilib ki, bu missiya Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərlə başa çatıb.

***

Biləsuvar RMİ, YAP Neftçala rayon təşkilatı, C.İsmayılov adına Neftçala şəhər Uşaq incəsənət məktəbinin birgə təşkilatçılığı, rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ulu öndərin 100 illik yubileyinə həsr olunan konsert keçirilib. Konsertdə görkəmli Azərbaycan və dünya bəstəkarlarının musiqiləri ifa olunub.

***

Gəncə şəhər Bülbül adına 3 saylı Uşaq musiqi məktəbinin Nəzəriyyə şöbəsində “Musiqidə Ulu öndər Heydər Əliyevin obrazı” adlı görüş keçirilib.

Nurəddin Məmmədli