Qəhrəman zabit sağalıb xidmətini davam etdirmək istəyirdi

 

Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən igidlərimizi oxucularımıza tanıtmaqda davam edirik. Bu dəfə 2016-cı il Aprel döyüşlərinin şəhid kapitanı Nəcməddin Savalanovu yada salırıq.

Nəcməddin Akif oğlu Savalanov 1985-ci il fevralın 26-da İmişli rayonunun Göbəktala kəndində anadan olub. 6 yaşı olanda atası avtomobil qəzasında vəfat edir. Nəcməddin A.Atayev adına Göbəktala kənd tam orta məktəbində təhsil alır. Uşaqlıqdan hərb sahəsinə xüsusi maraq göstərir, hərbçi olmaq istəyirdi. Bu həvəslə C.Naxçıvanski adına Hərbi liseyə qəbul olunur. Məzun olduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirir. Mühəndis qoşunları bölməsi üzrə məktəbi bitirib leytenant rütbəsi ilə Səngəçaldakı N saylı hərbi hissədə taqım komandiri vəzifəsində xidmətə başlayır. Hərbi bilikləri dərindən mənimsəməsi, nizam-intizamı, məsuliyyəti ona xidmətdə uğurlar qazandırır. Nəcməddin daha sonra Tərtər rayonundakı N saylı hərbi hissəyə qərargah rəisi təyin olunur.

2016-cı il aprelin 2-nə keçən gecə Ermənistan silahlı qüvvələri genişmiqyaslı hərbi təxribatlar törədir. Yüksək döyüş hazırlıqlı hərbi birləşmələrimiz düşmənə layiqli cavab vermək üçün əks-həmlə əməliyyatına başlayır. Hərbi əməliyyatlarda Nəcməddin Savalanov da təcrübəli zabit kimi yaxından iştirak edir. Dördgünlük müharibənin ilk günündə ayağından və çiynindən ağır güllə yarası alır. Müalicə üçün Bakıya – Silahlı Qüvvələrin Baş Klinik Hospitalına gətirilir. Həkimlərin səyinə baxmayaraq, 37 gündən sonra – mayın 8-də burada şəhadətə yüksəlir. Bir gün sonra doğulduğu Göbəktala kənd qəbiristanlığında torpağa tapşırılır.

Şəhidin qardaşı Pərviz Savalanov deyir ki, hərbçi olan əmiləri Birinci Qarabağ müharibəsində iştirak edib: “Nəcməddinin də uşaq yaşlarından hərbə həvəsi məhz buna görə yaranmışdı. Əmilərim evə gələndə onların papaqlarını başına qoyar, güzgünün qarşısında dayanıb özünə baxardı. Qardaşım fevralın 26-da anadan olub. Xocalı faciəsi doğum gününə düşdüyünə görə heç vaxt ad gününü qeyd etmirdi. Nəcməddin Aprel döyüşlərindəki şücaətinə görə ölkə başçısının müvafiq sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunmuşdu. Həmin medalı hospitalda ona təqdim etmək istəyəndə belə demişdi: “İgidə, hərbçiyə medalı yataqda verməzlər. Qoy sağalım, iş yerimdə verərsiniz”. Təəssüf ki, qardaşım, sağalmadı...  Mayın 9-da dəfn günü həmin medal oğluna təqdim olundu”.

Anası Ramilə Savalanovanın sözlərinə görə, Nəcməddinin uşaqlıqdan gözəl musiqi duyumu da olub: “Şeir yazırdı, bədahətən gözəl meyxana deməyi vardı. Onun qulluq etdiyi Tərtər rayonunda sakinlərin toy məclisində iştirak etdiyini sosial şəbəkələrdə izləmişdim. Həmin toyda söylədiyi meyxanada da vətənpərvərliyi açıq-aydın duyulur. Hər addımbaşı Ali Baş Komandanın adını çəkir, döyüşə hər an hazır olduqlarını deyir. Oğlum döyüşə hər an hazır olduğunu öz şəhadəti ilə göstərdi. Allah Nəcməddinin timsalında bütün şəhidlərimizə rəhmət eləsin”.

Nəcməddin Savalanovun Leyla və Nuray adlı iki qızı və Adəm adlı oğlu Vətənə yadigar qalıb. 2017-ci ildə qəhrəman zabit haqqında “Şəhidliyə aparan yol” adlı film çəkilib.

Nəcməddin Savalanov və onun kimi bütün Aprel şəhidlərimizin qəhrəmanlığı 2020-ci ilin Vətən müharibəsindəki tarixi Zəfərimizin təməli idi. Qüdrətli Ordumuz 44 gün ərzində işğal altındakı torpaqlarımızı azad etdi, ərazi bütövlüyümüz bərpa olundu. Bu gün bütün şəhidlərimizin ruhu rahatlıq tapıb.

Allah rəhmət eləsin.

Nurəddin