Heydər Əliyevin yubileyinə həsr olunmuş kitabın təqdimatı

 

Mayın 3-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda Ulu öndər Heydər Əliyevin yubileyinə həsr olunmuş “Əbədi ömrün yüz ili” kitabının təqdimatı olub. Kitab AYB-nin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə işıq üzü görüb.

Əvvəlcə nəşrin layihə rəhbəri, tərtibçi və ön sözün müəllifi AYB-nin katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli kitab haqqında məlumat verib. Bildirib ki, “Əbədi ömrün yüz ili” bədii-publisistik məqalələr toplusu çox dəyərli nəşrdir. Kitaba Yazıçılar Birliyinin üzvü olan dəyərli söz və bilim adamlarının bədii-publisistik məqalələri, esse və xatirələri daxildir: “Yazı müəlliflərinin böyük əksəriyyəti Ulu öndəri şəxsən tanıdıqlarından onların düşüncələri, xatirələri, bu böyük şəxsiyyət haqqında mülahizə və müşahidələri maraqlı və zəngindir. Ona görə də mən yalnız nəşrə bələdçilik etməyi öz üzərimə götürdüm, düşünürəm ki, gözəl bir kitab ərsəyə gətirə bildik. Kitabın ərsəyə gətirilməsinin əsas təşəbbüskarlarından biri də Anar müəllimdir. Ona görə də həm Anar müəllimə, həm Mədəniyyət Nazirliyinə, həm də bütün zəhməti keçənlərə təşəkkür edirəm”.

Qeyd edilib ki, kitab ilkin olaraq 1000 nüsxə tirajla çap olunub. Nəşrin bir çox bölgələrdə təqdimatının keçirilməsi nəzərdə tutulur.

AYB-nin sədri Xalq yazıçısı Anar Ulu öndər Heydər Əliyevi yaxından tanımaq və onun ölkəmiz qarşısındakı misilsiz xidmətlərini daha dərindən anlamaq baxımından kitabın nəşrini yüksək qiymətləndirib: “Heydər Əliyev incəsənət adamları ilə çox ünsiyyətdə olurdu, o, yazıçılara da xüsusi həssaslıqla yanaşırdı. Kitab çox maraqlıdır. Heydər Əliyevlə ünsiyyətdə olan adamların xatirələri xüsusən diqqət çəkir. Ölkədə ədəbi nəslin həyatında, inkişafında Heydər Əliyevin rolu danılmazdır. Kitabın yaradılmasında töhfələrini əsirgəməyən, əməyi keçən müəllifləri təbrik edirəm. Mədəniyyət Nazirliyinə xüsusi minnətdarlığımı bildirirəm. Düşünürəm ki, bu, bizim “Heydər Əliyev İli”nə kiçik töhfəmizdir”.

AYB-nin birinci katibi Xalq yazıçısı Çingiz Abdullayev çıxışında qeyd edib ki, belə bir nəşrin ərsəyə gətirilməsi Heydər Əliyevin əziz xatirəsinə olan dərin ehtiramın göstəricisidir.

Xalq yazıçısı Elçin kitabın əhəmiyyətindən danışaraq qeyd edib ki, Ulu öndər Heydər Əliyevin incəsənət, ədəbiyyat adamlarına olan qayğısı danılmazdır. Yaradıcılığı həmin dövrlərə düşən sənət adamlarından elə biri yox idi ki, Heydər Əliyev onun sənəti ilə maraqlanmasın və şəxsən onunla ünsiyyətdə olmasın: “Onun şəxsiyyətinin miqyası çox böyükdür. O, bir tərəfdən Mstislav Rostropoviç ilə dostluq edirdi, eyni zamanda aşıq sənətinin inkişafına xidmət edənləri də unutmurdu. Bu da onun daxili aləminin zənginliyinin göstəricisi idi. O, incəsənətin bütün sahələrini duyurdu və qiymətləndirməyi bacarırdı. Ulu öndər deyirdi ki, gənclik dövründə Naxçıvanda elə tamaşa olmurdu ki, o tamaşaya gedib baxmasın. Heydər Əliyev daxilən sənət eşqi olan zəngin şəxsiyyət idi. O hətta müxtəlif pyeslərdə, əsərlərdə olan bir çox monoloqları əzbər bilirdi. 10 il mənim onu müşahidə etmək imkanım olub və Ümummilli lider özü böyük məktəb idi”.

Xalq şairi Nəriman Həsənzadə, Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, Milli Məclisin deputatı Jalə Əliyeva, Xalq yazıçısı Elmira Axundova və digər çıxış edənlər Heydər Əliyevin Azərbaycan dövləti qarşısında tarixi xidmətlərindən danışıb, kitab haqqında fikirlərini bölüşüblər.