5-6 may tarixlərində Azərbaycan Milli Xalça Muzeyində Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Mədəniyyətlərarası dialoq və etnik özünəməxsusluq” adlı beynəlxalq elmi konfrans keçirilib.
Konfrans Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Bakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə gerçəkləşib.
Giriş sözü söyləyən muzeyin direktoru Şirin Məlikova görkəmli dövlət xadimi Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin istiqamətlərindən birinin etnik özünəməxsusluğun qorunxlanılması, xalqlar, ölkələr arasında mədəni dialoqun qurulması kimi vacib məsələlər təşkil etdiyini diqqətə çatdırıb. Qeyd edib kii, “Heydər Əliyev İli” çərçivəsində keçirilən konfransda bu mövzunu müxtəlif kontektslərdən təhlil edən məruzələr yer alıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təhlilçisi Araz Qurbanov çıxış edərək konfransın əhatə etdiyi mövzunun əhəmiyyətini qeyd edib.
Konfrans öz işini məruzələrlə davam etdirib. AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun icraçı direktoru Zaur Həsənov, Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Krakov Etnoqrafiya Muzeyinin qeyri-Avropa Mədəniyyətləri Departamentinin kuratoru Anna Şelinqovska, Gürcüstan Milli Muzeyinin baş mühafizi İrina Koşoridze, Cənubi Koreya Keimyunq Universitetinin İpək Yolu və Mərkəzi Asiya İnstitutunun tədqiqatçı professoru Li Ce Yunq, İstanbul Türk və İslam Əsərləri Muzeyinin direktoru Əkrəm Aytar, Türkiyədə fəaliyyət göstərən sənətşünas, “SOACArt” təşkilatının müstəqil kuratoru Sumiyo Okumuro, Brukenthal İncəsənət Muzeyinin (Rumıniya) rəhbəri Aleksandru Sonak, Budapeşt Etnoqrafiya Muzeyinin baş direktoru Lajos Kemecsi, Qazaxıstan İdman və Turizm Akademiyasının Turizm fakültəsinin dekanı Aygül Aqeleuova, Özbəkistan Rəssamlıq Akademiyasının “SAN’AT” jurnalının baş redaktor müavini Binafşa Nodir məruzələrlə çıxış ediblər.
Beynəlxalq konfrans çərçivəsində Azərbaycan Milli Xalça Muzeyi və Budapeşt Etnoqrafiya Muzeyi arasında anlaşma memorandumu imzalanıb.
Tədbirdə iştirak edən Rusiya Dövlət Ermitajının Qiymətli və arxeoloji metalların elmi bərpası laboratoriyasının rəhbəri İqor Malkielə Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsində toxunmuş “Pazırık” xalçasının fraqmentlərinin taktil nümunələri təqdim olunub. Şirin Məlikova bu xalçaların 2021-ci ildə Ermitajda keçirilmiş “Görünməyən incəsənət. İmkan sərhədlərini genişləndirərək” adlı inklüziv sərginin konsepsiyasına uyğun olaraq Ermitaja hədiyyə olduğunu söyləyib.
Konfransa fəxri qonaq qismində qatılmış Azərbaycanın insan hüquqları üzrə ilk müvəkkili, professor Elmira Süleymanova Ümummilli lider Heydər Əliyevin böyük dövlət xadimi kimi müdrik siyasətə əsaslananan fəaliyyətindən söz açıb.
İki günlük konfransda qonaqlar üçün mədəni proqram da təşkil edilib.